ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-yə birləşdirmək niyyəti ilə bağlı açıqlamaları fonunda onun xüsusi nümayəndəsi Ceff Lendri Nuuk şəhərinə səfər edib. Səfər rəsmi dəvət olmadan həyata keçirilib.
izmedia.az xəbər verir ki, ABŞ Prezidentinin Qrenlandiya üzrə xüsusi nümayəndəsi Ceff Lendri bazar günü adanın paytaxtı Nuuk şəhərinə çatıb.
Reuters agentliyinin yerli mediaya istinadən yaydığı məlumata görə, səfərin əsas məqsədi 19–20 may tarixlərində keçiriləcək biznes konfransında iştirak etməkdir. Nümayəndəni ABŞ-nin Danimarkadakı səfiri Kennet Houeri də müşayiət edir.
Lakin təşkilatçılar bildiriblər ki, Lendriyə xüsusi dəvət göndərilməyib. Buna baxmayaraq, konfransın açıq formatda keçirildiyi üçün ABŞ nümayəndəsinin iştirakına formal olaraq imkan verilir.
ABŞ səfirliyi bundan əvvəl bəyan etmişdi ki, səfərin məqsədi Vaşinqton üçün Qrenlandiyada iqtisadi imkanların araşdırılmasıdır.
Hazırda Lendrinin yerli siyasi rəhbərlərlə görüş keçirib-keçirməyəcəyi məlum deyil. Səfər Trampın son dövrlərdə Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ilə bağlı bəyanatlarının artdığı bir vaxta təsadüf edir.
Danimarka və Qrenlandiya hakimiyyətləri isə Vaşinqtonu ərazi bütövlüyünə hörmət etməyə çağırıb və adanın Danimarka Krallığının tərkibində olduğunu bir daha vurğulayıblar.
![]()
