“Financial Times” qəzetinin məsələ ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, Çin Prezidenti Si Cinpin Pekində ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüş zamanı Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya müdaxilə qərarına görə gələcəkdə peşman ola biləcəyini bildirib.
Məlumata görə, Çin lideri bu fikirləri Rusiya–Ukrayna müharibəsi ilə bağlı müzakirələr zamanı səsləndirib. Nəşr qeyd edir ki, Si Cinpin daha əvvəl ABŞ Prezidenti Co Baydenlə keçirdiyi “səmimi və birbaşa” görüşlərdə Putin və ya davam edən müharibə ilə bağlı açıq fikir bildirməmişdi.
“Financial Times” vurğulayır ki, bu açıqlamalar Rusiya–Ukrayna müharibəsinin dörd ildən sonra dalana dirəndiyi və Kiyevin Rusiyanın dərinliklərində yerləşən hədəflərə qarşı pilotsuz uçuş aparatlarından daha intensiv istifadə etdiyi dövrə təsadüf edir.
Məlumata əsasən, Tramp administrasiyası mayın 17-də Pekin sammiti ilə bağlı hesabat yayımlasa da, iki lider arasında Rusiya–Ukrayna müharibəsinin müzakirə edildiyi qeyd olunmayıb.
Xatırladılır ki, Vladimir Putin 2022-ci ilin fevralında – Çinə səfərindən cəmi üç həftə sonra Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Həmin səfər zamanı Putin və Si Cinpin iki ölkə arasında “məhdudiyyətsiz tərəfdaşlıq” elan etmişdilər.
ABŞ daha əvvəl Pekini Rusiyaya ikili təyinatlı məhsullar verməkdə ittiham edib və bunun Moskvanın hərbi fəaliyyətinə dəstək verdiyini bildirib. Çin isə bu iddiaları davamlı şəkildə rədd edib.
Eyni zamanda, Vladimir Putinin mayın 19–20-də Çinə rəsmi səfər edəcəyi gözlənilir. Məlumata görə, səfər Moskva ilə Pekin arasında Xoşməramlılıq, Dostluq və Əməkdaşlıq Müqaviləsinin imzalanmasının 25 illiyinə həsr olunub.
Putin bildirib:
“Rusiya–Çin strateji münasibətləri dünyada çox mühüm rol oynayır. Üstəlik, dostluğumuz heç kimə qarşı yönəlməyib. Biz sülh və ümumi rifah naminə çalışırıq”.
Onun sözlərinə görə, iki günlük səfər zamanı siyasət, iqtisadiyyat, müdafiə və humanitar sahələr üzrə məsələlər müzakirə olunacaq. Tərəflərin təxminən 40 ikitərəfli sənəd imzalaması planlaşdırılır.
İzmedia.az
![]()

