Los-Ancelesdə yerləşən Petersen Avtomobil Muzeyində Mercedes-Benz brendinin 100 illiyinə və Karl Benzin ilk avtomobili olan “Patent-Motorwagen”in 140 illiyinə həsr edilən “Dünya səviyyəli: Mercedes-Benz-in 100 ili” adlı genişmiqyaslı sərgi açılıb.
Sərgi 25 aprel 2027-ci ilədək davam edəcək və burada müxtəlif dövrlərə aid 42 avtomobil, nadir prototiplər, yarış avtomobilləri, arxiv reklamları və şirkətin tarixini əks etdirən məlumat materialları nümayiş olunacaq. Sərginin kuratoru Şervin Naxcavani bildirib ki, layihənin məqsədi Mercedes-Benz-i yalnız lüks avtomobil istehsalçısı kimi deyil, həm də avtomobil sənayesinin inkişafına təsir göstərən əsas brendlərdən biri kimi təqdim etməkdir.
Məlumata görə, sərgidə nümayiş olunan avtomobillərdən yalnız dördü Mercedes-Benz tərəfindən təqdim olunub, qalanları isə şəxsi kolleksiyalardan və müxtəlif muzeylərdən gətirilib. Ekspozisiya ən erkən inkişaf mərhələlərindən müasir texnologiyalara qədər xronoloji ardıcıllıqla qurulub.
Ziyarətçilər Karl Benzin ilk avtomobili olan “Patent-Motorwagen”in və 1902-ci il istehsalı Mercedes Simplex modelinin replikalarını, həmçinin Daimler və Benz şirkətlərinin birləşməsindən sonrakı dövrə aid ilk modelləri görə bilərlər.
Eksponatlar arasında birləşmədən sonra brendin ilk idman avtomobillərindən hesab olunan 1928-ci il istehsalı Mercedes-Benz S modeli xüsusi diqqət çəkir. Ayrı bir bölmə isə müharibədən əvvəlki mühəndislik nailiyyətlərinə və 1930-cu illərin lüks avtomobillərinə həsr olunub. Burada nadir Mercedes 540K modelləri, o cümlədən Erdmann & Rossi atelyesi tərəfindən amerikalı varis Barbara Hatton üçün hazırlanan kabriolet, həmçinin nadir Autobahnkurier və yüksək sürət sınaqları üçün hazırlanmış eksperimental Stromlinienwagen nümayiş etdirilir.
Sərgidə yarış avtomobilləri də mühüm yer tutur. Bunlar arasında müharibədən əvvəlki dövrün ən uğurlu yarış avtomobillərindən sayılan Mercedes-Benz W154, eləcə də Sauber C9, McLaren-Mercedes MP4/20 və CLK DTM kimi daha müasir modellər yer alır. Bu eksponatlar brendin motorsport sahəsindəki inkişafını və Formula 1, həmçinin C qrupu yarışlarındakı rolunu nümayiş etdirir.
Sərginin diqqət çəkən hissələrindən biri də prototiplər və konsept avtomobillərdir. Burada əfsanəvi Gullwing modelinin sələfi olan erkən 300SL “Hobel”, seriya istehsallı 300SL, damı və ön şüşəsi olmayan nadir “SLR Stirling Moss”, həmçinin eksperimental C111 və C112 modelləri nümayiş olunur. Xüsusilə C112 modeli, alıcıların böyük marağına baxmayaraq, seriya istehsalına çıxmayan ən inkişaf etmiş Mercedes konseptlərindən biri hesab edilir.
Sərgidə həmçinin məşhur şəxslərə məxsus avtomobillər də yer alır. Bunlar arasında Klark Qeybl tərəfindən sifariş edilən “Mercedes 300Sc Cabriolet” və Uolt Disney ailəsinə məxsus 300SL modeli də var.
Bundan başqa, dövlət başçıları və nüfuzlu şəxslər üçün hazırlanmış məhdud saylı Mercedes 600 Pullman Landaulet modelləri də nümayiş etdirilir.
Sərgi Mercedes-Benz-in erkən texniki təcrübələrdən müasir superkarlar və yarış texnologiyalarına qədər keçdiyi inkişaf yolunu nümayiş etdirən geniş tarixi təqdimat kimi təşkil olunub.
İzmedia.az
![]()

