KCNA: Şimali Koreya yeni raket sistemlərini sınaqdan keçirib

2 Min Read

 

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreya yeni hazırlanmış yüngül çoxməqsədli raket buraxılış sistemini və taktiki çoxsaylı qanadlı raket sistemini sınaqdan keçirib.

KXDR lideri Kim Çen In Raket Administrasiyası və Müdafiə Elmləri Akademiyasının sınaq poliqonunda keçirilən prosesə şəxsən nəzarət edib.

Sınaqlar zamanı xüsusi taktiki ballistik raketin döyüş başlığının gücü, 240 mm-lik idarəolunan artilleriya raketinin dəqiqliyi və süni intellektlə idarə olunan taktiki qanadlı raketin zərbə effektivliyi yoxlanılıb və qiymətləndirilib. Bildirilir ki, bu sistemlər genişləndirilmiş naviqasiya və yüksək dəqiqlikli muxtar idarəetmə texnologiyalarına əsaslanır.

KCNA-nın məlumatına görə, yeni taktiki qanadlı raketlər cənub sərhəd bölgəsində yerləşən uzaqmənzilli artilleriya briqadalarının silahlanmasına daxil ediləcək. Raketlərin həm sürüşmə, həm də hərəkət rejimlərində 100 kilometrə qədər məsafədə hədəfləri vurmaq qabiliyyətinə malik olduğu bildirilib.

Kim Çen In çıxışında atəş idarəetmə sistemlərinin və buraxılış qurğularının tam modernləşdirildiyini, bunun isə müasir döyüş şəraitinə uyğunlaşmanı gücləndirdiyini vurğulayıb. O, bu imkanların “düşmənlərdə ciddi narahatlıq yaradacağını” bildirib.

KXDR lideri həmçinin ölkənin həm nüvə, həm də konvensional silah sistemlərinin sürətlə inkişaf etdirilməsinə sadiq olduqlarını qeyd edib və müdafiə sənayesinə istehsalın artırılması ilə bağlı tapşırıqlar verib.

Sınaqlarda yüksək rütbəli hərbi rəsmilər, o cümlədən Milli Müdafiə Nazirliyinin müşaviri Marşal Pak Conq Çon da iştirak edib. Bildirilir ki, bu testlər beş illik milli müdafiə inkişaf planı çərçivəsində həyata keçirilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş