Alfa Romeo “Giulietta” ruhunda yeni kompakt hetçbek hazırlayır

1 Min Read

“Autocar” portalının məlumatına görə, Alfa Romeo illərdir brend pərəstişkarlarının gözlədiyi modelə — “Giulietta” ruhunda yeni kompakt hetçbekə qayıtmağa hazırlaşır.

Məlumata əsasən, şirkət “Volkswagen Golf”a rəqib olacaq və həm benzin, həm də elektrik versiyalarında təklif ediləcək yeni C seqmentli model üzərində işləyir.

Ən diqqətçəkən məqam brendin strategiyasında baş verən dəyişiklikdir. Əvvəllər tam elektrikləşməyə üstünlük verən Stellantis indi həm daxili yanma mühərrikli, həm də elektrikli versiyaları dəstəkləyən “çoxenerjili” STLA platformasına yönəlib.

Yeni hetçbekin texniki bazasını Peugeot 308 və Opel Astra modellərinin növbəti nəsilləri ilə bölüşəcəyi bildirilir. Bununla belə, Alfa Romeo-nun özünəməxsus dizayn və idman xarakterini qoruyacağı vurğulanır.

İlkin məlumatlara və renderlərə əsasən, dizaynerlər bir vaxtlar Avropanın ən məşhur hetçbeklərindən sayılan Alfa Romeo Giulietta və Alfa Romeo 147 modellərinin ruhunu yenidən canlandırmağa çalışırlar.

Alfa Romeo üçün bu layihə həm də 2020-ci ildə Giulietta istehsalının dayandırılmasından sonra tərk edilən C seqmentinə geri dönüş deməkdir.

Şirkət əvvəllər SUV modellərə fokuslansa da, Avropa bazarında kompakt və emosional dizaynlı hetçbeklərə marağın hələ də yüksək olduğu qeyd olunur.

Hazırda rəsmi texniki göstəricilər və fotoşəkillər açıqlanmayıb. Lakin layihə brendin klassik “emosional və idman ruhlu avtomobil” imicini geri qaytarmaq cəhdi kimi qiymətləndirilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş