İzmedia.az xəbər verir ki, İsrail ordusunun atəşkəsə baxmayaraq Livanın cənubundakı yaşayış məntəqələrinə təşkil etdiyi hava hücumları nəticəsində həyatını itirənlərin sayı 32-yə yüksəlib.
Məlumata görə, İsrail ordusu 17 aprel tarixində qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq Livanın cənubuna hücumlarını davam etdirir.
Livan Milli Xəbər Agentliyi (NNA) bildirib ki, İsrailə məxsus hərbi təyyarələr səhər saatlarından etibarən bir sıra yaşayış məntəqələrini hədəfə alıb.
Aşağı Homin bölgəsində avtomobilə endirilən zərbə nəticəsində 4 nəfər ölüb. İsrailə məxsus pilotsuz uçuş aparatları Sultanıyə, Haris, Deyr Antar, Aşağı Homin və Ərəb Cəl yaşayış məntəqələrini də vurub. Sultanıyədə 4, Ərəb Cəldə isə 3 nəfərin öldüyü bildirilib.
İsrailə aid PUA-nın Kefr Şuba ilə Kefr Hammam arasında hərəkətdə olan avtomobili hədəfə alması nəticəsində isə 1 mülki müdafiə əməkdaşı həyatını itirib.
Düveyr bölgəsinə təşkil olunan hücumda 4 nəfər ölüb, Cəbşit bölgəsində motosikletə edilən PUA hücumunda isə 1 nəfər həyatını itirib.
NNA-nın məlumatına əsasən, İsrail təyyarələrinin Beyt Yahun, Şakra, Kefrə, Bəraşit, Safad Battih, Ayta əl-Cəbəl və Tulin bölgələrinə günorta saatlarında təşkil etdiyi hücumlar nəticəsində ümumilikdə 5 nəfər ölüb.
Livan Səhiyyə Nazirliyi İsrail hücumları nəticəsində Mifedon bölgəsində 1, Ankun bölgəsində 2, Tora bölgəsində 4, Zərariyə bölgəsində isə 2-si uşaq olmaqla 3 nəfərin öldüyünü açıqlayıb.
Digər tərəfdən, İsrail artilleriyası Kalilə, Maaliyə və Hinniyə bölgələri arasındakı əraziləri bombalayıb.
İsrail ordusu səhər saatlarında Abbasiyyə, Numeyriyyə, Tayr Falsay, Halusiyyə, Yuxarı Halusiyyə, Tora və Marake bölgələri üçün də hücum xəbərdarlığı edib.
Hezbollah isə sosial media hesabında yaydığı açıqlamada atəşkəs pozuntularına cavab olaraq işğal altındakı Bayyada bölgəsində bir iş maşınının PUA ilə vurulduğunu bildirib.
Açıqlamada həmçinin Livanın cənubundakı Hiyam bölgəsində İsrail əsgərlərinin raket hücumu ilə hədəfə alındığı, Deyr Suryan bölgəsində isə İsrail hərbçiləri və bir Merkava tankına hücum təşkil edildiyi qeyd olunub.
Hizbullah gün ərzində 24-ü Livanın cənubunda, 2-si isə İsrailin şimalında olmaqla İsrail əsgərləri, hərbi bazaları və texnikalarını ümumilikdə 26 dəfə hədəfə aldıqlarını açıqlayıb.
Qeyd edək ki, İsrail ordusu 2 mart tarixində Livana genişmiqyaslı hava hücumları başlatmış və ölkənin cənubundakı bir çox yaşayış məntəqəsini işğal etmişdi.
Livan hökuməti həmin dövrdə ölkədə məcburi köçkünlərin sayının 1 milyonu keçdiyini açıqlamışdı.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2 mart tarixindən bəri İsrail hücumları nəticəsində təxminən 2 min 700 nəfər ölüb.
ABŞ Prezidenti Donald Trump isə 24 aprel tarixində Livan və İsrail arasında 17 apreldə qüvvəyə minmiş 10 günlük müvəqqəti atəşkəsin daha 3 həftə uzadıldığını açıqlamışdı.
![]()
