İtaliyada hökumət siyasətinə qarşı ümumxalq tətili keçirilib

1 Min Read

İtaliya son altı ay ərzində ikinci dəfə 24 saatlıq ümumxalq tətili ilə üzləşib. Bir neçə həmkarlar ittifaqı tərəfindən müharibə iqtisadiyyatına, artan müdafiə xərclərinə, həmçinin hökumətin antisosial və repressiv siyasətinə qarşı çağırılan etiraz aksiyası əsasən dəmir yolu və ictimai nəqliyyat sektorlarına, eləcə də təhsil və səhiyyə müəssisələrinə təsir göstərib.

Həmkarlar ittifaqlarının bəyanatında bildirilib ki, işçilər istismara, aşağı əməkhaqqına və etiraz hüququnun məhdudlaşdırılması cəhdlərinə qarşı tətil edirlər. Tətil iştirakçıları həmçinin “sülh, məktəblərə və xəstəxanalara investisiyaların artırılması, minimum əməkhaqqının saatda ən azı 12 avro olması” tələblərini irəli sürüblər. Aksiyada eyni zamanda Fələstinə dəstək ifadə olunub və müharibələrin maliyyələşdirilməsinə etiraz bildirilib.

Mayın 18-də də İtaliyada oxşar şüarlarla tətil keçirilmişdi.

Tətil həm dəmir yolu, həm də dəniz nəqliyyatında fasilələrə səbəb olub. Bir çox məktəb bağlanıb, tibb müəssisələrində isə yalnız təcili tibbi yardım xidmətləri göstərilib. Həmkarlar ittifaqları hökumətin “özlərinə tətbiq edilən müharibələri rədd edən” işçilərin tələblərinə qulaq asmalı olduğunu bəyan ediblər.

Bununla yanaşı, etirazçılar işləmək istəməməkdə ittiham olunaraq kəskin tənqidlərə də məruz qalıblar. Hazırkı tətil cümə günü keçirilib və bu, 2 iyunda qeyd olunan Respublika Günü münasibətilə 1 iyun iş gününün təxirə salınması səbəbindən uzunmüddətli həftəsonuna təsadüf edib. Bu vəziyyət xüsusilə tədris ilinin başa çatdığı məktəblər üçün həssas məsələ hesab olunur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş