Çuameni Valverde ilə münaqişə iddialarına münasibət bildirib: “Hər şey şişirdilib”

2 Min Read

 

“Real Madrid”in yarımmüdafiəçisi Orelien Çuameni komanda yoldaşı Federiko Valverde ilə yaşadığı iddia olunan münaqişə barədə ilk dəfə ictimai açıqlama verib. O, müəyyən hadisənin baş verdiyini təsdiqləsə də, məsələnin mediada həddindən artıq şişirdildiyini və hazırda aralarında heç bir problemin olmadığını bildirib.

ESPN-in məlumatına görə, Madrid klubu bu ayın əvvəlində təlim-məşq toplanışı zamanı baş verən insidentə görə hər iki futbolçunu 500 min avro məbləğində cərimələyib.

Hazırda Fransa millisinin düşərgəsində olan Çuameni dünya çempionatı öncəsi hazırlıqlarda iştirak edir. Mübahisədən sonra alın nahiyəsindən xəsarət və beyin silkələnməsi diaqnozu ilə xəstəxanada müalicə alan Federiko Valverde isə bazar günü Uruqvay millisinin heyətinə cəlb olunub.

Fransanın Klerfonteyn bazasında jurnalistlərə açıqlama verən Çuameni bildirib:

“Əlbəttə, nəsə baş verib və bu barədə mediada oxuya bilərsiniz. Lakin hər şey şişirdilib. “Real Madrid”də oynadığınız zaman belə xəbərlər daha böyük rezonans doğurur. Mətbuatda çoxlu əsassız məlumat yayılıb. Oxudum ki, guya dava olub və mən Valverdeni vurmuşam. Bu, doğru deyil”.

Futbolçu hadisənin detalları barədə danışmaq istəmədiyini qeyd edib:

“Ən vacibi odur ki, klub baş verənlərdən xəbərdardır. Soyunub-geyinmə otağında mediaya çıxmayan çox hadisələr yaşanır. Həyat davam edir. Mənim və Fedenin ortaq məqsədi var – “Real Madrid”lə titullar qazanmaq. Hazırda aramızda heç bir problem yoxdur”.

Məlumata görə, Çuameni ilə Valverde arasında yaşanan insident “Real Madrid”in mövsümün son hissəsində üzləşdiyi yeganə daxili problem olmayıb. Bildirilir ki, komandanın müdafiəçisi Antonio Rüdiger ilə Alvaro Karreras arasında da qarşıdurma yaşanıb. Klub daxilində həmin hadisə “birdəfəlik və həll edilmiş insident” kimi qiymətləndirilib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş