Del Pyero: Kvaratsxeliya “Qızıl top”a hamıdan çox layiq idi

2 Min Read

PSJ UEFA Çempionlar Liqasının finalında “Arsenal”ı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edərək titulunu qoruyub. Oyunun əsas vaxtı və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb.

“Arsenal”ın yeganə qolunu matçın 6-cı dəqiqəsində Kai Haverts vurub. PSJ isə 65-ci dəqiqədə Usman Dembelenin penaltidən vurduğu qolla hesabı bərabərləşdirib. Paris təmsilçisi tarixində ikinci dəfə Çempionlar Liqasının qalibi olub. Komanda ötən il finalda “İnter”i 5:0 hesabı ilə məğlub etdikdən sonra bu dəfə kuboku daha çətin mübarizədə qazanıb.

Finalda qolu Dembelenin vurmasına, matçın ən yaxşı oyunçusu seçilən futbolçunun isə Vitinya olmasına baxmayaraq, PSJ-nin uğurunda mühüm pay sahibi olan Xviça Kvaratsxeliya bir daha kölgədə qalıb. Məhz onun qazandırdığı penalti Paris klubunun hesabı bərabərləşdirməsinə imkan verib.

Del Pyero Kvaratsxeliyanın çıxışını yüksək qiymətləndirib

Əfsanəvi italiyalı futbolçu Alessandro Del Pyero gürcü ulduzun mövsüm ərzindəki performansını xüsusi vurğulayıb.

“Əgər Dünya Kuboku amili olmasaydı, Kvaratsxeliya mütləq “Qızıl top”u qazanardı. Heç kim qolları, məhsuldar ötürmələri və oyuna ümumi təsiri baxımından onun qədər həlledici olmayıb”, – deyə Del Pyero “Sky Sports”a açıqlamasında bildirib.

Gürcüstan millisinin üzvü bu mövsüm bütün turnirlərdə keçirdiyi 48 oyunda 19 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb. O, ötən ilin yanvarında “Napoli”dən PSJ-yə 80 milyon avro qarşılığında transfer olunub.

“Arsenal” finalda passiv təsir bağışladı

Del Pyero final matçında “Arsenal”ın çıxışına da münasibət bildirib.

“Onlar əla mövsüm keçirdilər. Lakin hesabda önə keçdikdən sonra finalda bir qədər passiv görünürdülər. Bu, onların mövsüm ərzindəki çıxışına yönəlik yeganə tənqidimdir. Premyer Liqanın nə qədər çətin və tələbkar turnir olduğunu da unutmamaq lazımdır”, – deyə italiyalı futbol adamı qeyd edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş