Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinin flaqmanı hesab edilən HMS Prince of Wales aviadaşıyıcısı texniki nasazlıq səbəbindən planlaşdırılmış marşrutunu yarımçıq dayandırıb.
Məlumata görə, gəmi NATO-nun Şimali Atlantikada keçirilən ən iri hərbi təlimlərindən biri olan “Dynamic Mongoose 26” təlimlərində iştirak etdikdən sonra gözlənilmədən Norveçin Stavanger limanına yönləndirilib.
Mütəxəssislər gəmidə yaranan texniki problemin aradan qaldırılması üçün diaqnostika və təmir işlərinə başlayıblar. Bildirilir ki, nasazlığın aradan qaldırılması bir neçə gün çəkə bilər.
Qeyd edək ki, bu, HMS Prince of Wales-in Stavanger limanına ilk səfəri deyil. Mart ayında da gəmidə kiçik texniki problem aşkar edilmiş və müvafiq yoxlamalar aparılmışdı. Lakin bu dəfəki nasazlığın daha ciddi olduğu bildirilir.
Mövcud vəziyyət səbəbindən aviadaşıyıcının Danimarkanın paytaxtı Kopenhagenə planlaşdırılan rəsmi səfərinin təxirə salına və ya ləğv edilə biləcəyi qeyd olunur.
Hərbi ekspertlər son dövrlərdə NATO qüvvələrinin intensiv təlimlər keçirməsinin donanma üzərində əlavə yük yaratdığını və texniki problemlərin artmasına səbəb ola biləcəyini vurğulayırlar.
Britaniya Müdafiə Nazirliyi və NATO rəhbərliyi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
izmedia.az
![]()
