Cəlilabadın igid oğlu Fizuli Cəfərovun həyat yolu Vətənə sədaqətin, qəhrəmanlığın və vətənpərvərliyin parlaq nümunəsidir. I Qarabağ müharibəsində dayısı, itkin-şəhid Rafiq Səfərovu itirən Fizuli Cəfərov illər sonra özü də Vətən uğrunda döyüş meydanına atıldı.
O, həm I Qarabağ müharibəsi dövründə Tərtər istiqamətində, həm də II Qarabağ müharibəsində Füzulidən Şuşayadək uzanan şərəfli döyüş yolu keçərək düşmənə ağır zərbələr endirdi. II Qarabağ müharibəsində artilleriya divizionunun kəşfiyyat rəisi vəzifəsində xidmət göstərərək döyüş əməliyyatlarının uğurla icrasında mühüm rol oynadı. Bu yolda həm dayısı Rafiq Səfərovun, həm də Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin qisasının alınmasında iştirak etdi və Azərbaycanın tarixi Zəfərinə öz töhfəsini verdi.
Fizuli Cəfərov təkcə döyüş meydanında deyil, təhsil sahəsində də Vətənə xidmət edib. O, 19 il məktəbdə hərbi rəhbər kimi çalışaraq yüzlərlə gəncin vətənpərvər ruhda formalaşmasında, hərbi biliklərə yiyələnməsində və Vətən sevgisi ilə böyüməsində müstəsna rol oynayıb. II Qarabağ müharibəsi zamanı isə yetişdirdiyi şagirdlərlə çiyin-çiyinə eyni səngərdə dayanaraq düşmənə qarşı vuruşub. Bu, müəllimlə şagird arasında qurulan ən şərəfli bağın, Vətən sevgisinin və fədakarlığın ən gözəl nümunələrindən biridir.
Bu gün Fizuli Cəfərovun keçdiyi şərəfli ömür yolu gənc nəsil üçün vətənpərvərlik, cəsarət və fədakarlıq məktəbidir.
Elçin Hüseynov, tarixçi
![]()

