Everestin “ölüm zonası” zibil böhranı ilə üz-üzə qalıb

3 Min Read

Everest dağında yerləşən yüksək hündürlüklü hücum düşərgəsi ciddi ekoloji problemlə üzləşib. Daily Mail-in məlumatına görə, sosial şəbəkələrdə yayılan videolarda əraziyə səpələnmiş tərk edilmiş çadırlar, boş oksigen balonları və insan tullantıları görünür.

Söhbət Everest və Lhotse zirvələri arasında yerləşən, dünyanın ən yüksək çadır düşərgəsi hesab olunan IV düşərgədən gedir. Dəniz səviyyəsindən 7 925 metr yüksəklikdə yerləşən bu düşərgə alpinistlərin Everestin 8 848 metrlik zirvəsinə son hücumdan əvvəl istirahət etdiyi son məntəqədir.

Kadrlarda güclü küləklərin kommersiya ekspedisiyalarının geridə qoyduğu çoxsaylı köhnə çadırları dağıtdığı əks olunub.

“Dağ daha yaxşı münasibətə layiqdir”

Everest Today portalı X sosial şəbəkəsində yaydığı açıqlamada vəziyyəti sərt tənqid edib:

“Planetin ən möhtəşəm yerlərindən biri Everestin kommersiyalaşdırılmasının acı nəticələrini nümayiş etdirir. Tərk edilmiş çadırlar, boş oksigen balonları, konserv qutuları, yararsız avadanlıqlar və insan tullantıları Cənubi Kolu dırmanma avadanlıqlarının qəbiristanlığına çevirib. Dağ daha yaxşı münasibətə layiqdir”.

Zirvəyə rekord sayda alpinist qalxıb

Zibil probleminin dərinləşməsi Everestə marağın görünməmiş dərəcədə artdığı dövrə təsadüf edib.

Məlumata görə, may ayında bir gün ərzində rekord sayda – 274 nəfər eyni vaxtda Everest zirvəsinə qalxıb.

Dron görüntülərində əlverişli hava şəraitindən istifadə etməyə çalışan yüzlərlə alpinistin uzun növbələr yaratdığı görünür.

Nepal hakimiyyəti 2026-cı il mövsümündə xarici alpinistlər üçün təxminən 500 dırmanma icazəsi verib ki, bu da tarixi rekord hesab olunur.

“Ölüm zonası” nədir?

“Ölüm zonası” dəniz səviyyəsindən 8 min metrdən yuxarı yüksəklikdə yerləşən ərazilərə verilən addır.

Bu yüksəklikdə havadakı oksigen miqdarı normal səviyyənin təxminən üçdə birini təşkil edir. Mütəxəssislərin sözlərinə görə, insan orqanizmi əlavə oksigen dəstəyi olmadan belə şəraitdə uzun müddət yaşaya bilmir.

Fizioloqlar alpinistlərə bu zonada 20 saatdan artıq qalmamağı tövsiyə edirlər.

Təmizlik əməliyyatları böyük risk daşıyır

Everestdə təmizlik işlərinin aparılması da ciddi təhlükələrlə müşayiət olunur. Çünki hava şəraiti qısa müddət ərzində kəskin dəyişə və güclü qar fırtınasına çevrilə bilər.

2024-cü ildə Nepal ordusunun xüsusi qrupu dağdan 11 ton zibil çıxarmağa və dörd alpinistin cəsədini təxliyə etməyə nail olub.

Ekspedisiyanın rəhbəri Anq Babu Şerpa bildirib ki, alpinistlər əsasən köhnə çadırları, ərzaq qablaşdırmalarını, qaz patronlarını, oksigen balonlarını və dırmanma iplərini geridə qoyurlar.

Onun sözlərinə görə, bəzi tullantılar dağ yamaclarında təxminən 69 ildir qalmaqdadır.

İcazələrin qiyməti artırılıb

Turist axınının qarşısını almaq məqsədilə Nepal hökuməti 2025-ci ilin sentyabrından etibarən Everestə qalxmaq üçün icazə haqqını 11 min dollardan 15 min dollara yüksəldib.

Buna baxmayaraq, alpinistlərin sayı azalmayıb.

Tənqidçilər Nepal hakimiyyətini həddindən artıq çox icazə verməkdə və bunun nəticəsində marşrutlarda təhlükəli sıxlıq yaratmaqda ittiham edirlər.

Lakin kommersiya ekspedisiyalarının təşkilatçıları vəziyyətin şişirdildiyini düşünürlər.

Avstriyanın Furtenbach Adventures şirkətinin rəhbəri Lukas Furtenbax bildirib ki, kifayət qədər oksigen ehtiyatı olduğu halda növbələr ciddi problem yaratmır.

Onun sözlərinə görə, Alp dağlarındakı bəzi zirvələrə gündə minlərlə insan qalxdığı halda, Everestdə bir gündə 274 nəfərin zirvəyə çıxması o qədər də böyük göstərici hesab edilmir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş