ABŞ-da texnologiya nəhəngi Google ölümcül xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə Kaliforniya və Florida ştatlarında 32 milyona qədər steril ağcaqanad buraxmaq üçün rəsmi icazə istəyib.
Layihə əsasən denge qızdırması, Zika virusu və çikunqunya kimi təhlükəli xəstəlikləri yayan Aedes aegypti növünün sayını azaltmağa hesablanıb. Şirkət laboratoriyalarda yetişdirilən erkək ağcaqanadları təbii Wolbachia bakteriyası ilə yoluxdurur. Bu ağcaqanadlar insanları dişləmir, lakin vəhşi dişilərlə cütləşdikdə onların yumurtalarının inkişaf etməsinə mane olur.
Mütəxəssislər bildirirlər ki, bu üsul yeni deyil və artıq bir sıra ölkələrdə uğurla sınaqdan keçirilib. Google isə prosesin idarə olunması üçün süni intellekt, böyük məlumat bazaları və kompüter görmə texnologiyalarından istifadə edir.
Hazırda ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi layihəni qiymətləndirir. İctimai dinləmələr 5 iyun tarixində başa çatacaq və bundan sonra yekun qərar veriləcək. Layihə təsdiqlənərsə, iki il ərzində hər il 16 milyon steril ağcaqanadın təbiətə buraxılması planlaşdırılır.
izmedia.az
![]()
