ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpinlə aparacağı danışıqlar zamanı ondan Çin bazarının Amerika şirkətləri üçün daha açıq olmasını xahiş edəcəyini bildirib.
O, CNBC telekanalının “Nvidia” şirkətinin baş direktoru Jensen Huanın son anda prezidentin Çin səfərinə qatılan nümayəndə heyətinə dəvət olunması ilə bağlı yaydığı xəbəri təkzib edib.
Donald Tramp “Truth Social” hesabında yazıb: “Jensen, Elon Mask, Tim Kuk (“Apple”), “BlackRock” şirkətinin baş direktoru Larri Fink, “Blackstone” şirkətinin baş direktoru Stiven Şvartsman, Kelli Ortberq (“Boeing”), Brayan Sayks (“Cargill”), Ceyn Freyzer (“Citi”), Larri Kulp (“GE Aerospace”), Devid Solomon (“Goldman Sachs”), Sancay Mehrotra (“Micron”), Kristiano Amon (“Qualcomm”) və bir çox başqalarının Çin Xalq Respublikasına səfər etməsi böyük şərəfdir. Mən burada müstəsna lider Prezident Si-dən Çini “açmasını” xahiş edəcəyəm ki, bu parlaq insanlar öz bacarıqlarını nümayiş etdirə bilsinlər və Çin Xalq Respublikasının daha da inkişafına töhfə versinlər”.
ABŞ Prezidenti əlavə edib ki, Çin lideri ilə bir neçə saat sonra keçiriləcək görüşdə ilk olaraq məhz bu məsələni qaldıracaq.
Amerika administrasiyasının rəhbəri mayın 13-15-də Çinə dövlət səfəri edəcək. Gözlənilir ki, tərəflər ticarət, enerji, strateji sabitlik, ABŞ-İsrail müharibəsi və Tayvan məsələlərini müzakirə edəcəklər.
Donald Trampın Pekinə əvvəlki səfəri 2017-ci ildə, ilk prezidentlik dövründə baş tutub. İki liderin son görüşü isə 2025-ci ilin oktyabrında Koreya Respublikasının Busan şəhərində keçirilən Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının sammiti çərçivəsində olub.
İzmedia.az
![]()

