ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında son dərəcə gərgin telefon danışığı baş tutub. Bu barədə “Axios” nəşri adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Netanyahu Livanın paytaxtı Beyruta yeni hava zərbələri endirmək niyyətində olduğunu bildirdikdən sonra Tramp sərt reaksiya verib. Nəşrin iddiasına görə, ABŞ Prezidenti söhbət zamanı İsrail liderinə qarşı kəskin ifadələr işlədib.
“Axios” yazır ki, Vaşinqton administrasiyası belə bir hücumun ABŞ ilə İran arasında aparılan həssas danışıqlara mənfi təsir göstərə biləcəyindən narahat olub.
Məlumata görə, Ağ Ev həmin gün rəsmi sosial media hesabında vətəndaşları sakit olmağa çağıran paylaşım edib. Paylaşımda ABŞ prezidentinə etibar edilməsinin və hadisələrin inkişafını gözləməyin vacibliyi vurğulanıb.
Nəşr qeyd edir ki, sonradan Tramp jurnalistlərlə söhbətində Netanyahu ilə gərgin telefon danışığının baş verdiyini təsdiqləyib. Bu hadisə iki lider arasında münasibətlərdə son dövrlərin ən diqqətçəkən gərginliklərindən biri kimi qiymətləndirilir.
İzmedia.az
![]()

