Hazır tort qarışıqları qısa zamanda dadlı desert hazırlamaq istəyənlər üçün ideal seçimdir. Lakin bir neçə sadə üsulla həmin tortu daha ləzzətli, yumşaq və sanki peşəkar şirniyyatçı tərəfindən hazırlanmış kimi təqdim etmək mümkündür.
Şirniyyat ustalarının məsləhətlərinə görə, hazır qarışıqdan hazırlanan biskvitin dadını və teksturasını yaxşılaşdırmaq üçün bəzi inqrediyentləri dəyişmək kifayətdir.
Yağ əvəzinə kərə yağı istifadə edin
Mütəxəssislər reseptdə göstərilən bitki yağını eyni miqdarda əridilmiş kərə yağı ilə əvəz etməyi tövsiyə edirlər. Bu dəyişiklik torta daha zəngin və ev şəraitində hazırlanmış dad verir.
Bir əlavə yumurta qatın
Qarışığa bir ədəd əlavə yumurta vurmaq biskvitin daha yumşaq və nəmli alınmasına kömək edir. Şirniyyatçılar əlavə olaraq bir yumurta sarısının da istifadə edilməsini məsləhət görürlər. Bu, biskvitin strukturunu daha möhkəm edir.
Suyu südlə əvəz edin
Hazır qarışıqda göstərilən su miqdarı əvəzinə süd istifadə etmək tortun dadını daha zəngin edir. Daha yumşaq tekstura əldə etmək istəyənlər ayrandan da istifadə edə bilərlər.
Xama əlavə edin
Xama torta həm əlavə nəmlik, həm də daha dolğun dad verir. Bu sadə əlavənin nəticədə biskvitin keyfiyyətini əhəmiyyətli dərəcədə artırdığı bildirilir.
Əlavələrlə fərqli dad yaradın
Hazır tort qarışığını daha maraqlı etmək üçün şokolad parçaları, giləmeyvələr, qoz-fındıq və ya hindistan cevizi əlavə etmək tövsiyə olunur. Bundan başqa, dulce de leche, krem pendir, quava və ya qızardılmış qoz kimi inqrediyentlər sadə biskviti xüsusi desertə çevirə bilər.
İzmedia.az
![]()

