ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin dəstəklədiyi 1,6 milyard dollarlıq turizm layihəsi Albaniyada geniş etirazlara səbəb olub. NBC News-un məlumatına görə, minlərlə etirazçı layihənin həyata keçirilməsinə qarşı çıxaraq paytaxt Tirananın küçələrinə axışıb.
Fəallar hesab edirlər ki, Adriatik dənizi sahilində planlaşdırılan lüks kurort kompleksi ekoloji cəhətdən qorunan ərazilərə ciddi ziyan vura bilər. Etiraz hərəkatının simvoluna isə həmin ərazidə yaşayan və qanunla qorunan çəhrayı flaminqo çevrilib. Nümayişlər zamanı bəzi iştirakçılar şişmə flaminqolar da daşıyıblar.
Məlumata görə, 1,6 milyard dollar dəyərində qiymətləndirilən layihənin təmiz çimərlikləri və qorunan heyvan növlərinin yaşadığı həssas ekosistemi təhlükə altına atacağı ilə bağlı narahatlıqlar mövcuddur.
Ötən həftə Tiranda keçirilən kütləvi etiraz aksiyalarında nümayişçilər “Albaniya satılmır” şüarları səsləndiriblər. Aksiya zamanı bəzi etirazçılarla polis arasında qarşıdurma yaşanıb, hüquq-mühafizə orqanları isə su şırnaqlarından istifadə edib.
Daha sonra etirazçılar Albaniyanın Baş naziri Edi Ramanın iqamətgahının qarşısına toplaşaraq “inqilab” şüarları səsləndirib və onun istefasını tələb ediblər.
İzmedia.az
![]()

