Böyük Britaniyanın Ali Məhkəməsində baxılan məhkəmə işi zamanı təqdim olunan ekspert rəylərinə görə, partlayış nəticəsində zədələnmiş “Şimal Axını” qaz kəmərinin texniki cəhətdən bərpası təxminən 3 il vaxt apara bilər.
Məlumata əsasən, bu müddətə layihələndirmə, icazələrin alınması, materialların tədarükü və təmir işlərinin həyata keçirilməsi daxildir. Hesablamalara görə, yalnız 7 kilometrlik yeni Çin istehsalı boruların alınması təxminən 16,7 milyon avroya başa gələcək.
Qaz kəmərinin operatoru Nord Stream AG sığorta şirkətlərindən 570 milyon avrodan çox ziyanın ödənilməsini tələb edir. Sığortaçılar isə hadisənin müharibə ilə bağlı istisna hallara aid olduğunu əsas gətirərək bu zərərin sığorta ödənişinə daxil edilməməli olduğunu bildirirlər.
Ekspertlər həmçinin qeyd ediblər ki, layihənin texniki baxımdan mümkün olmasına baxmayaraq, onun yenidən istifadəyə verilməsi yalnız siyasi razılıq və uzunmüddətli iqtisadi təminatlar olduğu halda məqsədəuyğun hesab edilə bilər.
![]()
