izmedia.az xəbər verir ki, Böyük Britaniyada hakim Leyborist Partiyası yerli bələdiyyə seçkilərində ciddi məğlubiyyət yaşayıb və İngiltərə üzrə şuralardakı təxminən 1,2 min mandatını itirib. Partiyanın ümumi yerlərinin demək olar ki, yarısı əldən çıxıb.
Ən böyük qalib isə sağ populist “Reform UK” partiyası olub. Bu partiya əvvəllər 100-dən az yerə sahib olduğu halda, indi təxminən 1,5 min yer qazanaraq ciddi irəliləyiş əldə edib.
Məlumata görə, səsvermə İngiltərənin 136 regionunda keçirilib və nəticələrin tam hesablanması bazar gününə qədər davam edib. “Times” qəzetinin təqdim etdiyi yekun rəqəmlərə əsasən, Leyboristlər seçkidən əvvəl sahib olduqları 2,2 min yerdən təxminən 1,2 minini itiriblər.
Mühafizəkarlar Partiyası da ciddi itkilər verib və 400-dən çox mandatı itirərək 800-dən az yerlə kifayətlənib.
“Reform UK” isə böyük sıçrayış edərək yerli şuralarda əhəmiyyətli gücə çevrilib və hətta 14 şurada çoxluğu əldə edib. “Yaşıllar Partiyası” və “Liberal Demokratlar” da müəyyən artım göstərsələr də, əsas siyasi mənzərəni dəyişən qüvvə “Reform UK” olub.
Bu nəticələr Leyborist Partiyasının lideri və Baş nazir Kir Starmer üçün daxili təzyiqi artırıb. Artıq partiya daxilində 30-dan çox deputat onun istefasını tələb edir.
Məğlubiyyət təkcə İngiltərə ilə məhdudlaşmayıb — Uels və Şotlandiyada da Leyboristlər zəif nəticə göstərərək mərkəzi hökumətin bölgələrdə təsir imkanlarını zəiflədiblər.
Bundan əvvəl də Leyboristlərin son 60 ildə ilk dəfə ciddi seçki məğlubiyyəti yaşadığı bildirilmişdi, lakin Starmer istefa vermək niyyətində olmadığını açıqlayıb.
![]()
