Cristiano Ronaldo ilə bağlı müzakirələr Portuqaliya millisində gərginliyi artırıb. Dünya Kubokunun açılış matçında Konqo Demokratik Respublikası ilə qeydə alınan məyusedici heç-heçədən sonra komanda daxilində fikir ayrılıqları gündəmə gəlib.
Portuqaliya mətbuatının yazdığına görə, Ronaldonun start heyətində yer alması və tam oyun keçirməsi ictimai müzakirələrin mərkəzindədir. Bəzi azarkeşlər və ekspertlər baş məşqçi Roberto Martínez-in hücumçuya daha az vaxt verməli olduğunu düşünür.
Oyundan sonra milli komandanın bəzi futbolçularının sosial şəbəkə hesabları Ronaldoya hörmət tələbi ilə dolub. Xüsusilə Bruno Fernandes, Vitinha, João Neves və Pedro Neto tənqidlərin hədəfinə çevrilib.
Portuqaliya mətbuatında komanda daxilində “vətəndaş müharibəsi” riskinin yarandığı iddia olunur. Bununla belə, bəzi ekspertlər Ronaldoya qarşı təşkil olunmuş boykotun olmadığını bildirirlər.
Qeyd edək ki, 41 yaşlı Ronaldo karyerası ərzində Sporting CP, Manchester United, Real Madrid və Juventus formalarında çıxış edib və hazırda Al Nassr FC klubunda oynayır.
İzmedia.az
![]()

