ABŞ fond bazarları fərqli dinamika ilə bağlandı

2 Min Read

 

 

ABŞ fond indeksləri çərşənbə günü keçirilən ticarət sessiyasını fərqli göstəricilərlə başa vurub. İnvestorlar ölkədə açıqlanan statistik məlumatları, faiz dərəcələrinin artırılması ehtimalını və Micron Technology şirkətinin hesabatını diqqətlə izləyiblər.

Bazar iştirakçılarının əsas diqqəti ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul siyasətinə yönəlib. Ötən həftə FED baza faiz dərəcəsini illik 3,5-3,75 faiz aralığında sabit saxlayıb. Tənzimləyici qurumun yeni rəhbəri Kevin Warsh qiymət sabitliyinin bərpasının vacibliyini vurğulayıb.

Hazırda treyderlər FED-in sentyabrda faiz dərəcəsini 25 baza bəndi artırmaq ehtimalını 70 faiz qiymətləndirirlər. Bu göstərici bir həftə əvvəl 29 faiz idi.

Cümə axşamı açıqlanacaq PCE inflyasiya indeksi və amerikalıların may ayı gəlir-xərc hesabatı bazarın növbəti istiqamətinə təsir edə bilər.

Bu arada, ABŞ-ın cari hesab kəsiri birinci rübdə 2,6 faiz artaraq 226,8 milyard dollara çatıb. Ölkədə yeni ev satışları isə mayda 7,3 faiz azalaraq illik 580 min ədədə düşüb.

Korporativ sektorda isə FedEx dördüncü maliyyə rübündə xalis mənfəətinin 3 faiz azalmasını açıqlayıb və səhmləri 0,1 faiz geriləyib.

Cerebras Systems gəlirlərini ikiqat artırsa da, il üzrə gəlirliliyin azalacağı proqnozu fonunda səhmləri 19,6 faiz dəyər itirib.

KB Home isə xalis mənfəətini təxminən dörd dəfə artıraraq bazar dəyərini 16,7 faiz yüksəldib.

Hertz ikinci rüb üzrə zəif proqnoz və 100 milyon dollarlıq səhm təklifi səbəbindən 40,7 faiz ucuzlaşıb.

Fast-food şəbəkəsi Wendy’s isə pərakəndə investorların marağı fonunda dəyər qazanıb.

İnvestorların gözlədiyi əsas hadisə isə Micron Technology-nin maliyyə hesabatı olub. Şirkətin bazar dəyəri ilin əvvəlindən 3,7 dəfə artaraq 1 trilyon dolları keçib.

Ticarətin yekununda Dow Jones Industrial Average 0,35 faiz artaraq 51 848,9 bəndə yüksəlib. S&P 500 0,1 faiz azalaraq 7358,22 bənd, Nasdaq Composite isə 0,43 faiz geriləyərək 25 476,64 bənd səviyyəsində bağlanıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş