ABŞ dövlət katibi Marko Rubio Tehranın Vaşinqtonla danışıqlara ciddi yanaşmadığını bildirib.
Rubio Manilada xarici işlər nazirlərinin görüşündə bildirib ki, “Problem ondadır ki, İran tərəfi danışıqlara ciddi yanaşmır. Əgər danışıqlar ciddidirsə, biz də ciddiyik. Əgər yoxsa, öz maraqlarımızı və müttəfiqlərimizin maraqlarını qorumaq üçün bütün lazımi addımları atacağıq”.
Onun sözlərinə görə, ABŞ fikir ayrılıqlarını diplomatiya yolu ilə həll etməyə sadiqdir.
Dövlət katibi vurğulayıb ki, “Biz fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə açıqıq və həmişə hazırıq və bu, İrana da aiddir”.
Rubio qeyd edib ki, İran tərəfi “əldə edilən razılaşmalara baxmayaraq, öhdəliklərini yerinə yetirməyib”.
“Birləşmiş Ştatlar, öhdəliklərin yerinə yetiriləcəyi təqdirdə müsbət və konstruktiv danışıqlara açıq qalır. Bu işdə olduğu kimi, onlar yerinə yetirilmədikdə nəticələr yaranır və bu, qaçılmazdır”, – deyə o əlavə edib.
Hörmüz boğazındakı vəziyyətdən danışan Rubio bildirib ki, İran “boğazdan gəmilərin tranzitinə nəzarət etməyi tələb edir, halbuki mövcud heç bir beynəlxalq hüquqi mexanizm ona belə bir hüquq vermir”.
O, Hörmüz boğazının beynəlxalq su yolu olduğunu vurğuladı.
Rubio bildirib ki, “Əgər Yaxın Şərqdə bir dövlətin beynəlxalq su yoluna nəzarət etmək, yol haqqı almaq və gəmiləri ödəmədikləri təqdirdə partlatmaq qərarına gəldiyi bir presedent yaranarsa, bu, dünyanın digər bölgələrində də təkrarlana biləcək son dərəcə təhlükəli bir presedent olardı”.
Onun sözlərinə görə, məsələnin əsasını “gəmiçilik azadlığının fundamental prinsipləri” təşkil edir.
İzmedia.az
![]()

