İordaniya Qüdsdəki Əl-Əqsa məscidi kompleksinin nəzarətini ələ keçirmək üçün edilən “təhdid” cəhdləri barədə xəbərdarlıq edərək, baş verənlərin genişmiqyaslı dini qarşıdurmaya səbəb ola biləcəyini bəyan edib. “The Guardian” qəzetinin məlumatına görə, Əmman yaranmış gərginliyi müzakirə etmək üçün ərəb və müsəlman ölkələrinin xarici işlər nazirlərinin təcili iclasını çağırır. İordaniyanın xarici işlər naziri Ayman Səfadi bildirib ki, Əl-Əqsa kompleksindəki mövcud “status-kvo”da hər hansı dəyişiklik regional eskalasiyaya yol açacaq və bunun nəticələri Fələstin və İordaniya sərhədlərini aşacaq.
20-ci əsrin ortalarından bəri qüvvədə olan və 1994-cü il İsrail-İordaniya sülh müqaviləsi ilə təsdiqlənən razılaşmaya əsasən, kompleksdə yalnız müsəlmanlara namaz qılmağa icazə verilir, qeyri-müsəlmanlar isə ərazini ibadət etmədən ziyarət edə bilərlər. Lakin İsrailin ifrat sağçı dairələrinin əraziyə müdaxilələri gərginliyi artırıb. İordaniya rəsmilərinin məlumatına görə, iyulun 23-də İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin rəhbərliyi ilə 2000-dən çox israilli dini fəal yəhudilərin Məbəd Dağı adlandırdığı kompleksi ziyarət edərək ayinlər icra edib. Səfadi Qüdsü “barıt çəlləyi” adlandıraraq beynəlxalq ictimaiyyəti baş verənlərə təcili reaksiya verməyə çağırıb.
Əmman həmçinin İordan çayının qərb sahilində vəziyyətin kəskinləşməsindən və fələstinlilərin kütləvi şəkildə köçürülməsi riskindən dərin narahatlığını bildirib. İordaniya hakimiyyəti Fələstin əhalisinin krallıq ərazisinə məcburi köçürülməsini “qırmızı xətt” elan edərək buna qətiyyən icazə verməyəcəyini vurğulayıb. Son aylarda iki ölkə arasındakı münasibətlər su müqaviləsi və Qəzzadakı müharibə fonunda daha da mürəkkəbləşib. İordaniya tərəfindən təşkil olunacaq fövqəladə iclasa Ərəb Liqası ölkələri ilə yanaşı Türkiyə, İndoneziya, Malayziya və Pakistan nümayəndələrinin də qatılması gözlənilir.
İzmedia.az
![]()

