Münhen Texniki Universitetinin (TUM) alimləri tərəfindən aparılan və “Nature Geoscience” jurnalında dərc olunan tədqiqat Avropa meşələrinin iqlim dəyişikliyi fonunda görünməmiş biokütlə itkisinə məruz qaldığını ortaya qoyub. İlk dəfə olaraq peyk məlumatlarını meşə örtüyündəki biokütlə sıxlığı ilə birləşdirən mütəxəssislər müəyyən ediblər ki, 2018-ci ildən sonra Avropada zədələnmiş meşələrin hər hektarında illik biokütlə itkisi 1985–2017-ci illərin orta göstəricisi ilə müqayisədə 46% artıb.
İtkilərin əsas səbəbləri və Mərkəzi Avropadakı böhran
Tədqiqatın aparıcı müəllifi Katya Kovalskinin (Katja Kowalski) sözlərinə görə, 2018-ci ildən bəri müşahidə olunan kəskin pisləşməni iqlim dəyişikliyinin təsiri olmadan izah etmək mümkünsüzdür. Tez-tez təkrarlanan şiddətli quraqlıqlar ağacların müqavimətini zəiflədib, bu da qabıq böcəklərinin (bark beetle) kütləvi artımına və meşə yanğınlarının çoxalmasına zəmin yaradıb.
Ən böyük itkilər Avropanın ən zəngin və sıx meşə ehtiyatlarına sahib olan Mərkəzi Avropa regionunda qeydə alınıb. Avropa İttifaqında (Aİ) ən böyük ağac ehtiyatına malik Almaniyada zədələnmiş meşə sahələri hər il hektar başına orta hesabla 125 ton biokütlə (təxminən 230 ton CO₂ ekvivalenti) itirir. Müqayisə üçün qeyd edək ki, 2018-ci ilə qədər bu göstərici təxminən 170 ton CO₂ ekvivalenti təşkil edirdi.
İnsan amili və təbii fəlakətlərin nisbəti
Tədqiqat nəticələrinə əsasən, 1985–2023-cü illər ərzində Avropada ümumi biokütlə itkisinin 82%-i insani və iqtisadi fəaliyyətlə (meşə təsərrüfatı və ağac kəsimi), 18%-i isə təbii amillərlə (həşəratlar, fırtınalar və yanğınlar) bağlı olub. Lakin iqlim böhranının kəskinləşməsi ilə təbii amillərin payı 2018-ci ildən əvvəlki 17%-dən 2018–2023-cü illərdə 23%-ə qədər yüksəlib.
Bununla belə, alimlər qeyd edirlər ki, kəsilən ağacların hamısı dərhal karbon qazı mənbəyinə çevrilmir. Tikinti və mebel istehsalında istifadə olunan taxta materiallar karbonu uzun illər özündə saxlayaraq atmosferə yayılmasının qarşısını alır.
Aİ-nin iqlim hədəfləri təhlükə altındadır
Alimlər xəbərdarlıq edirlər ki, meşələrin təbii karbon udma qabiliyyətinin kəskin zəifləməsi Avropa İttifaqının iqlim strategiyasını riskə atır. Aİ 2030-cu ilə qədər meşələr vasitəsilə illik karbon udulmasını 310 milyon tona çatdırmağı planlaşdırsa da, mövcud tendensiya bu hədəfə çatmağın çətin olacağını gösterir. Tədqiqatçılar vurğulayırlar ki, bu mənfi gedişatın qarşısını almaq üçün zərər görmüş meşələrin dərhal bərpasına başlanmalı və meşə idarəçiliyi metodları dəyişən iqlim şəraitinə uyğunlaşdırılmalıdır.
İzmedia.az
![]()

