İtaliyada oğurlanan şahəsərlər tapıldı: 9 milyon avroluq rəsmlər muzeyə qaytarılır

1 Min Read
İtaliya polisi ölkənin şimalında yerləşən muzeydən mart ayında oğurlanmış fransa ustadları Pol Sezan, Pyer-Ogüst Renuar və Henri Matissə məxsus üç qiymətli sənət əsərini aşkar edərək üzə çıxarıb.
İtaliyanın Mədəni İrsin Qorunması Bölməsinin karabinerləri tərəfindən aparılan mürəkkəb əməliyyat-axtarış tədbirləri nəticəsində tapılan bu əsərlər martın 22-dən 23-nə keçən gecə Parma yaxınlığındakı Mamiano di Traversetoloda yerləşən “Magnani-Rocca” Fondu muzeyindən oğurlanmışdı. İncəsənət mütəxəssisləri tapılan rəsmlərin ümumi dəyərini 9 milyon avrodan artıq qiymətləndirirlər.
Aşkar edilən sənət əsərləri arasında Sezannın “Albalı ilə fincan və boşqab” (Tasse et Plat de Cerises), Renuarın “Balıqlar” (Les Poissons) və Matissin “Terrasdakı Odaliska” (Odalisque sur la Terrasse) tablo və gravürləri yer alır.
Hüquq-mühafizə organları oğurluq anını əks etdirən videogörüntüləri də yayımlayıb. Kadrlardan görünür ki, maskalanmış iki nəfər binaya pəncərədən daxil olaraq divardakı üç rəsmi cəld sökür və dərhal ərazini tərk edir. Bütün oğurluq prosesi üç dəqiqədən də az vaxt aparıb.
Qeyd edək ki, “Magnani-Rocca” Fondu Muzeyi mərhum musiqi tənqidçisi Luici Manani tərəfindən toplanmış zəngin şəxsi kolleksiyaya ev sahibliyi edir. Burada Titian, Fransisko Qoya, Covanni Battista Tiepolo, Klod Mone, Peter Paul Rubens və Corco Morandi kimi dünyaşöhrətli rəssamların nadir əsərləri mühafizə olunur.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş