Monaş Universitetinin (Avstraliya) biologiya sahəsi üzrə tədqiqatçısı İan Toulun “American Journal of Biological Anthropology” jurnalında dərc olunan yeni elmi məqaləsi insan təkamülü və taksonomiyası sahəsində inqilabi addım kimi qiymətləndirilir. Antropoloq son 4-5 milyon il ərzində yaşamış “Australopithecus” və “Paranthropus” kimi tanınan qədim əcdadlarımızın müstəqil cins kimi deyil, birbaşa “Homo” cinsinin tərkibində təsnif edilməsini təklif edir.
Tədqiqatçının fikrincə, dərsliklərdə insan təkamülünün meymunabənzər məxluqlardan müasir insana (“Homo sapiens”) doğru düz xətt boyunca inkişaf etməsini göstərən ənənəvi şablon real fosil tapıntılarını əks etdirmir. Əvvəllər “Homo” cinsini ayırmaq üçün əsas kriteriya sayılan böyük beyin həcmi və mürəkkəb alət istifadəsi kimi xüsusiyyətlər son kəşflərlə üst-üstə düşmür. Belə ki, kiçik beyinli “Homo” növlərinin (“Homo naledi”, “Homo floresiensis”) mövcudluğu və “Australopithecus” ilə “Paranthropus”un da alətlərdən istifadə etmək bacarığı ənənəvi taksonomik sərhədləri tamamilə silib.
İan Toul qeyd edir ki, təklif olunan bu genişləndirilmiş təsnifat modeli yeni fosillər tapıldıqca soy ağacını daim dəyişmək məcburiyyətini aradan qaldıracaq və təkamül zəncirindəki mürəkkəb, qeyri-xətti əlaqələri daha dəqiq əks etdirəcək. Əgər bu elmi təklif dünya antropoloqları tərəfindən qəbul edilərsə, “Australopithecus” və “Paranthropus” növləri rəsmən “Homo” cinsinin nümayəndələri hesab olunacaq.
İzmedia.az
![]()

