“Gürcü Arzusu” partiyasının təzyiqi altında olduğunu iddia edən Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili daha bir ciddi korrupsiya ittihamı ilə üz-üzə qalıb. Yerli medianın məlumatına görə, yeni cinayət işi “bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşma yolu ilə xüsusilə külli miqdarda rüşvət alınması” maddəsi üzrə qaldırılıb.
Gürcüstanın baş prokurorunun müavini Amiran Quluaşvili bildirib ki, hazırda həbsdə olan keçmiş müdafiə naziri Juanşer Burçuladze iş üzrə ifadə verib. Bundan əlavə, iyul ayında Burçuladzenin qaynı Vasil Mxeidze də prokurorluqla əməkdaşlığa gedərək istintaqa geniş məlumatlar təqdim edib.
İttihamlar sübuta yetirilərsə, keçmiş baş naziri 11 ildən 15 ilə qədər həbs cəzası gözləyir. Qeyd edək ki, Qaribaşvili bundan əvvəl çirkli pulların yuyulması maddəsi ilə məhkum olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
İzmedia.az
![]()

