Amerika mətbuatının (“Wall Street Journal”, “Politico”, “CBS News”) məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliff bu həftə Rusiyaya gözlənilməz və elan edilməmiş səfər edib. Səfərin əsas məqsədinin Moskvaya NATO ölkələrinə — xüsusilə də Rusiya ilə həmsərhəd olan Estoniya, Latviya və Litvaya qarşı mümkün hücumların və ya təxribatların yolverilməzliyi ilə bağlı birbaşa xəbərdarlıq etmək olduğu bildirilir.
“Wall Street Journal” ABŞ kəşfiyyatının qiymətləndirmələrinə istinadən yazır ki, Rusiya Prezidenti Vladimir Putinin Alyansın və Vaşinqtonun qətiyyətini sınamaq üçün NATO üzvü olan dövlətlərdən birinə qarşı hibrid və ya dolayısı ilə hücum ssenarilərini nəzərdən keçirə biləcəyi ehtimal edilir.
ABŞ Prezidenti Donald Tramp səfər faktını təsdiqləyərək bunu “yarım-rutin” (semi-routine) görüş kimi qiymətləndirib və səfərin İran və ya NATO məsələləri ilə bağlı olmadığını iddia edib. Kremlin mətbuat katibi Dmitri Peskov isə Retkliffin Putinlə görüşmədiyini, təmasların yalnız xüsusi xidmət orqanları səviyyəsində tutulduğunu bildirib və Qərb mediasında yayılan “xəbərdarlıq” iddialarını real faktlarla üst-üstə düşməyən qorxulu ssenarilər adlandırıb.
Media xatırladır ki, analoji gizli səfər sonuncu dəfə 2021-ci ilin noyabrında baş tutmuşdu — o vaxtkı MKİ rəhbəri Uilyam Börns Moskvaya gələrək Kremlin diqqətinə Ukraynaya müdaxilənin ağır nəticələr doğuracağını çatdırmışdı. Lakin həmin xəbərdarlıqdan 4 ay sonra Rusiya Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başladı.
İzmedia.az
![]()

