Polşada Ukrayna üçün dron istehsal edən zavodda yanğın – Qəsdən yandırılma ehtimalı araşdırılır

1 Min Read
Polşanın Skarjisko-Kamienna şəhərində Ukrayna və Polşa ordusu üçün pilotsuz uçuş aparatlarının (PUA) komponentlərini istehsal edən “WB Electronics” zavodunda avqustun 31-nə keçən gecə yanğın baş verib.
“Onet” nəşrinin məlumatına görə, yanğın müəssisənin istehsal və saxlama sahələrini əhatə edib və təxminən iki saat ərzində söndürülüb. Hadisə zamanı zavod fəaliyyət göstərmədiyindən xəsarət alan olmayıb.
Hadisədən bir qədər əvvəl ərazidə təhlükəsizlik siqnalizasiyası işə düşüb. Məlumata görə, müşahidə kameraları maskalı bir şəxsin hasarı yararaq əraziyə daxil olduğunu qeydə alıb, daha sonra yaxınlıqda çanta və gödəkçə tapılıb. Hüquq-mühafizə orqanları qəsdən yanğın törədilməsi ehtimalını istisna etmir. Hadisənin araşdırılmasına Polşanın Daxili Təhlükəsizlik Agentliyi (ABW) də qoşulub.
Qeyd edək ki, “WB Electronics” Polşanın ən böyük özəl müdafiə sənayesi konserni olan “WB Group”a daxildir. Yanğının baş verdiyi zavod PUA-lar üçün kompozit konstruksiyalar və idarəetmə sistemləri istehsal edir.
Bu, son bir ay ərzində Avropada Ukraynaya silah tədarük edən müəssisələrdə baş verən beşinci oxşar hadisədir. Avqust ayında İtaliyanın Kolleferro şəhərindəki “KNDS Ammo Italy” zavodunda partlayış, Bolqarıstanın “EMCO” silah fabrikində isə yanğın qeydə alınıb. Estoniyanın Tallin şəhərində hərbi robototexnika istehsalçısı “Milrem Robotics”in binası yandırılıb (yerli hakimiyyət Rusiyanı şübhəli bilir), Slovakiyada isə Ukraynanın “Skyeton” şirkətinə məxsus “Raybird” dronları istehsal edən fabrikə sabotaj cəhdinin qarşısı alınıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş