Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin eksperti Abbas Aslani bəyan edib ki, İranın ABŞ ilə yeni danışıqlara və razılaşmalara meyilliliyi Vaşinqtonun əvvəlki öhdəliklərinə nə dərəcədə əməl etməsindən birbaşa asılıdır.
Ekspertin sözlərinə görə, ABŞ-ın 2015-ci ildə əldə olunmuş nüvə sazişindən (JCPOA) birtərəfli qaydada çıxması tərəflər arasında etimadı ciddi şəkildə sarsıdan əsas amillərdən biridir.
Aslani qeyd edib ki, İslamabad anlaşma memorandumuna əsasən İran Hörmüz boğazını gəmilərin hərəkəti üçün açmağa razılıq verib və hazırda marşrutun təxminən 60 faizində hərəkət bərpa olunub. Lakin o, memorandumun 1-ci maddəsinin Livan da daxil olmaqla bölgədəki bütün hərbi əməliyyatların dayandırılmasını tələb etdiyini, İsrailin isə bu şərti pozaraq hücumları davam etdirdiyini diqqətə çatdırıb.
Bundan əlavə, ekspert sənədin 5-ci maddəsinə toxunaraq bildirib ki, müqavilədə İranın Hörmüz boğazı vasitəsilə tranzit marşrutlarını müəyyən etmək hüququ nəzərdə tutulsa da, bu norma praktiki müstəvidə tam reallaşmayıb.
Aslani vurğulayıb ki, mövcud şəraitdə İranın nüvə proqramı məsələsində yeni güzəştlərə getməsini təsəvvür etmək çətindir. Çünki Tehranın əldə olunacaq hər hansı yeni razılaşmanın gələcəkdə yenidən ABŞ və ya İsrail tərəfindən pozulmayacağına və ya hərbi hücumla nəticələnməyəcəyinə dair heç bir təminatı yoxdur.
İzmedia.az
![]()

