“Afghanistan International” telekanalı Əfqanıstanın beş keçmiş yüksəkvəzifəli rəsmisinə istinadən xəbər verir ki, Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı Rusiyanın razılığı ilə Belarusdan silah və pilotsuz uçuş aparatları (PUA) əldə edir. Qeyd olunur ki, bu gizli sövdələşmələrdə Hindistan vasitəçi və maliyyə dəstəkçisi kimi çıxış edir.
Məlumata görə, Minsklə Taliban arasında hərbi təmaslar hərəkatın müdafiə naziri Məhəmməd Yaqubun Moskvaya səfərindən sonra intensivləşib. İyun ayında imzalanmış rəsmi müqavilə sovet texnikasının təmirini nəzərdə tutsa da, pərdəarxasında Belarusdan yeni silahların və PUA-ların tədarükü razılaşdırılıb. Talibanın bu addımı Pakistanla artan hərbi gərginliklə izah olunur.
Analoji mexanizm əvvəllər Əşrəf Qani hökuməti dövründə də tətbiq edilib – həmin vaxt Hindistan Əfqanıstan ordusu üçün Belarusdan helikopter və hərbi avadanlıqlar satın alırdı. Hazırda Talibanın da eyni sxemdən istifadə etdiyi bildirilir. Belarus tərəfi Talibanla əlaqələri rəsmən genişləndirir; avqust ayında hərəkatın nümayəndə heyəti Minsklə iqtisadi əməkdaşlıq görüşləri keçirib. Eyni zamanda, Moskva açıq müstəvidə özünü Pakistanın tərəfdaşı kimi təqdim etməyə davam edir.
İzmedia.az
![]()

