Almaniya kansleri Fridrix Merts Avropanın Rusiya ilə Ukrayna müharibəsinin nizamlanmasına dair danışıqlar aparmağa hazır olduğunu bildirib.
Sherg.az xəbər verir ki, Merts bu barədə Berlində keçirilən “Könüllülər koalisiyası” sammitinə həsr olunmuş mətbuat konfransında danışıb. Onun sözlərinə görə, Rusiya, Ukrayna, Avropa və ABŞ-ın iştirakı ilə danışıqlar yaxın vaxtlarda baş tuta bilər. Görüş yeri kimi Birləşmiş Ərəb Əmirlikləri də nəzərdən keçirilə bilər.
“Bloomberg”in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp sammit iştirakçılarına prezident təyyarəsindən telefonla zəng edərək Rusiya Prezidenti Vladimir Putinlə söhbətinin Ukraynada sülhün təmin olunmasına kömək edəcəyini bildirib.
Agentlik, həmçinin Avropa ölkələrindən birinin milli təhlükəsizlik üzrə müşavirinin Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovla danışıqlar məsələsini müzakirə etdiyini yazıb.
Qeyd edək ki, Vladimir Putin Şençjendə keçirilən APEC sammitindən sonra bildirib ki, Rusiya diplomatik kanallar vasitəsilə avropalıları mövqelərini müəyyənləşdirmək üçün Moskvaya dəvət edib. Putin Avropanın danışıqlara hansı təkliflərlə gələcəyini anlamağın vacibliyini vurğulayıb. O, həmçinin Ukrayna və Avropanın münaqişənin həlli üçün hələlik kompromisə hazır olmadığını qeyd edib.
![]()

