ABŞ dövlət katibi Marko Rubio Kubanın GAESA konqlomeratının icraçı rəhbəri Addis Lastres Moreiranın bacısının ABŞ-da saxlanıldığını açıqlayıb.
O, X sosial şəbəkəsində paylaşımında bildirib:
“Addis Lastres Morera GAESA-nın icraçı rəhbərinin bacısıdır. O, bu gün saxlanılıb və ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) nəzarətindədir”.
Rubionun sözlərinə görə, Morera daşınmaz əmlak aktivlərini idarə edir və Kuba hakimiyyətinə dəstək verərkən Florida ştatında yaşayırdı. Dövlət katibi əlavə edib ki, onun daimi yaşayış statusu daha əvvəl ləğv olunub.
Rubio həmçinin qeyd edib ki, ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradan xarici vətəndaşlar ölkədə “rahat şəraitdə yaşaya” bilməyəcəklər.
ABŞ dövlət katibi həmin gün Kuba ilə münasibətlərə də toxunaraq bildirib ki, Vaşinqton münasibətlərin normallaşdırılmasını diplomatik kanallar vasitəsilə həyata keçirməyə üstünlük verir. Bununla belə, o vurğulayıb ki, hazırkı mərhələdə belə bir ssenarinin reallaşma ehtimalı aşağıdır.
Rubionun sözlərinə görə, Kuba hakimiyyəti mövqeyini dəyişəcəyi təqdirdə ABŞ dialoqa hazırdır. Lakin hələlik Vaşinqton Havanaya qarşı təzyiq siyasətini davam etdirmək niyyətindədir.
İzmedia.az
![]()

