United Nations Assistance Mission in Afghanistan Əfqanıstanda qadın və qızların hüquqlarına təsir edən yeni qanunvericilik aktları ilə bağlı ciddi narahatlığını ifadə edib. Təşkilat bununla bağlı rəsmi açıqlama yayıb.
Bəyanata görə, ər-arvadın ayrı yaşaması ilə bağlı qaydaları müəyyən edən 18 saylı fərman əfqan qadınlarının hüquqlarının daha da məhdudlaşdırılması istiqamətində növbəti addımdır və sistemli ayrı-seçkiliyi həm qanunvericilik, həm də praktik səviyyədə möhkəmləndirir.
Missiyanın rəhbər vəzifəsini icra edən və BMT Baş katibinin xüsusi nümayəndəsinin müavini Georgette Gagnon bu qərarı Əfqanıstanda qadın və qızların hüquqlarının məhdudlaşdırılması istiqamətində “geniş və olduqca narahatedici tendensiyanın” bir hissəsi adlandırıb.
O bildirib ki, fərman ayrı-seçkiliyi daha da institusionallaşdırır və qızların təhsilinə, qadınların ictimai həyata qatılmasına qoyulan məhdudiyyətlərlə birlikdə əfqan qadın və qızlarını seçim, imkan və ədalətə çıxış hüququndan məhrum edən sistem yaradır.
BMT-ni xüsusilə narahat edən məqamlardan biri sənəddə yetkinlik yaşına çatmış qızlarla bağlı müddəalardır. UNAMA hesab edir ki, fərman faktiki olaraq 9 yaşdan etibarən uşaq nikahlarına imkan yaradır. Sənəddə qız uşağının susmasının nikaha razılıq kimi qəbul edilə bilməsi də tənqid olunub.
Təşkilat vurğulayıb ki, bu normalar nikaha sərbəst və tam razılıq prinsipini pozur və uşaqların hüquqlarının lazımi şəkildə qorunmasını təmin etmir.
UNAMA Əfqanıstan hakimiyyətini milli qanunvericiliyi beynəlxalq insan hüquqları öhdəliklərinə uyğunlaşdırmağa, o cümlədən uşaq nikahlarını qadağan etməyə və qadınların ədalət mühakiməsinə çıxışını təmin etməyə çağırıb.
Mayın 21-də məlum olmuşdu ki, Taliban Əfqanıstanda minimum nikah yaşını fiziki yetkinliklə əlaqələndirərək azyaşlı qızlarla nikahı leqallaşdırıb.
![]()
