Sverdlovsk vilayətinə PUA hücumu: Yaşayış binaları və “Wildberries” anbarı hədəf alınıb

2 Min Read
Avqustun 31-də günortadan sonra Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Sverdlovsk vilayətinə kütləvi hücum həyata keçirib.
Sverdlovsk vilayətinin qubernatoru Denis Pasler və Rusiya Prezidentinin Ural Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Artyom Joqa Yekaterinburq şəhərinin hədəf alındığını təsdiqləyiblər. Paslerin sözlərinə görə, PUA-ların düşməsi və qalıqlarının zərbələri nəticəsində yaşayış binalarında və logistika mərkəzində yanğınlar qeydə alınıb. Hücum zamanı həlak olan olmasa da, xəsarət alanlar barədə məlumatlar dəqiqləşdirilir.
Məlumata görə, hücumun əsas hədəflərindən biri “Wildberries” onlayn satış platformasının paylama mərkəzi olub. Bir PUA anbarın bir neçə metrliyinə düşüb. Hadisə zamanı şirkət personalı təxliyə edilib və obyektə ciddi ziyan dəyməyib.
Bununla yanaşı, dronlardan biri Yekaterinburqun Çkalov rayonundakı “Utes” yaşayış kompleksinə çırpılıb. Zərbə nəticəsində mənzillərin pəncərələri sınıb, divarlar uçub. Sakinlər təhlükəsizlik məqsədilə yaxınlıqdakı məktəbin zirzəmisinə təxliyə olunublar.
Qeyd edək ki, iyulun 18-dən etibarən Ukrayna Silahlı Qüvvələri “Wildberries” və “Ozon” kimi nəhəng bazar şəbəkələrinin logistika mərkəzlərini hədəf almağa başlayıb. Ötən bir ay yarım ərzində 16 regionda 23 paylama mərkəzi vurulub, “Wildberries”in ən iri 10 logistika mərkəzindən 7-si, o cümlədən Moskva vilayətinin Koledino kəndində yerləşən 250 min kvadratmetrlik baş kompleksi sıradan çıxarılıb.
“Data Insight” analitiklərinin qiymətləndirməsinə görə, “Wildberries” platformasına dəyən birbaşa ziyan 147-223 milyard rubl təşkil edir. Satıcıların itirdiyi məhsullarla birgə ümumi zərərin 800 milyard rubla çata biləcəyi bildirilir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş