Meksikanın Sinaloa əyalətinin Masatlan şəhərində yerləşən “El Castillo” cəzaçəkmə müəssisəsində məhbuslar arasında kütləvi toqquşma baş verib. İspaniyanın “El País” qəzetinin məlumatına görə, insident nəticəsində azı 10 nəfər həlak olub, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Həyatını itirənlərdən birinin məhbus qohumunu ziyarət etməyə gələn mülki şəxs olduğu bildirilir.
Hüquq-mühafizə orqanlarının və hərbi birləşmələrin müdaxiləsindən sonra cəzaçəkmə müəssisəsində nəzarət tam bərpa olunub. Yaralananlara yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanalara yerləşdirilib, müəssisədə nəzərdə tutulan bütün görüşlər təxirə salınıb. Dövlət prokurorluğu qanlı insidentin başvermə səbəbləri ilə bağlı genişmiqyaslı istintaq tədbirlərinə başlayıb. Qeyd olunur ki, hadisə Sinaloa əyalətində nəzarət uğrunda fəaliyyət göstərən cinayətkar narkokartellər arasında davam edən kəskin qarşıdurma və təhlükəsizlik böhranı fonunda meydana gəlib.
İzmedia.az
![]()

