Polşada güllə yarası alan 60 yaşlı Belarus vətəndaşı Aleksandr baş verən hadisə ilə bağlı ilk dəfə ictimaiyyət qarşısında danışıb. O bildirib ki, onu saxlayan şəxslərin forma və tanınma nişanları olmadığı üçün əvvəlcə onları cinayətkar hesab edib.
Aleksandrın sözlərinə görə, hadisə avtomobil dayanacağında baş verib. O qeyd edib ki, saxlanılma zamanı iştirak edən şəxslər xüsusi geyimdə olmayıb və üzərlərində polis olduqlarını göstərən heç bir işarə görünməyib.
Belarusun dövlət televiziya kanalı olan “Belarus-1”ə danışan Aleksandr bildirib ki, polis nişanlarını və qandalları yalnız yerə üzüaşağı yatırıldıqdan sonra görüb.
Zərərçəkən şəxs daha sonra baş verənləri ətraflı təsvir edib. Onun sözlərinə görə, qandallanaraq xidməti avtomobilin yanında oturdulduqdan sonra hüquq-mühafizə orqanları dərhal onun maşınını və şəxsi əşyalarını axtarmağa başlayıblar. Aleksandr iddia edib ki, polis avtomobilin baqajını, əlcək qutusunu və bütün cibləri diqqətlə yoxlayıb.
O, həmçinin hadisədən sonra polyak prokuroru ilə söhbət etdiyini bildirib. Aleksandrın sözlərinə görə, prokuror ona cinayət işinin “ağ sapla tikildiyini” deyərək, faktiki olaraq günahsız olduğunu bildirib.
Belarus səhiyyə nazirinin birinci müavini Yelena Boqdan açıqlamasında bildirib ki, hazırda zərərçəkənin həyatı təhlükədə deyil. Lakin ağır yaralandığı üçün onun bir neçə ay həkim nəzarətində qalacağı qeyd olunub.
Xatırladaq ki, bundan əvvəl Minsk rəsmiləri Polşa təhlükəsizlik qüvvələrinin Almaniyadan avtomobil aldıqdan sonra geri qayıdan Belarus vətəndaşının maşınına səhvən atəş açdığını və onun başından və ayağından yaralandığını açıqlamışdı. Polşa tərəfi isə fərqli versiya irəli sürərək bildirib ki, Belarus vətəndaşı atəş açılmazdan əvvəl polis əməkdaşını avtomobillə vurub.
![]()
