ABŞ-ın Kaliforniya ştatında, Los-Anceles dairəsinə daxil olan Saut-Qeyt şəhərində yerləşən sənaye müəssisəsində güclü yanğın baş verib. Hadisədən sonra yerli hakimiyyət orqanları sakinlər üçün özünütəcrid rejimi elan edib.
Məlumata görə, yanğın mayın 24-də başlayıb. Alovun yayılması və təhlükəli maddələrin havaya qarışma ehtimalına görə fövqəladə xidmətlər əhaliyə evlərdən çıxmamağı tövsiyə edib.
ABC7 telekanalının yaydığı məlumata əsasən, məhdudiyyət Garfild avenyusu ilə İmperial Hayvey ərazisində tətbiq olunub.
Hazırda hadisə yerində çoxsaylı yanğınsöndürmə briqadaları çalışır. Yanğının səbəbi hələ açıqlanmayıb.
Ərazi sakinləri elektrik enerjisinin kəsildiyini bildiriblər. Elektrik xətlərinin yanğın nəticəsində zədələndiyi və ya təhlükəsizlik məqsədilə enerjinin qəsdən dayandırıldığı ehtimal edilir.
Rəsmilər bildiriblər ki, iri sənaye yanğınları zamanı toksik maddələrin yayılması və partlayış riski olduğuna görə belə tədbirlər standart təhlükəsizlik addımı hesab olunur. Sakinlərə pəncərə və qapıları bağlamaq, havalandırma sistemlərini söndürmək tapşırılıb.
Hadisə nəticəsində xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat verilməyib.
![]()
