FTB Agentləri Assosiasiyası işdən çıxarılan üç əməkdaşını dəstəkləyib

2 Min Read

“Associated Press” agentliyinin məlumatına görə, FTB Agentləri Assosiasiyası və bir neçə digər təşkilat Donald Trampın 2020-ci il prezident seçkilərinin nəticələrinə etiraz etmək cəhdləri ilə bağlı istintaqda iştirak etdiklərinə görə işdən azad edilən üç FTB əməkdaşına dəstək ifadə edib.

Təxminən 12 min üzvü birləşdirən FTB Agentləri Assosiasiyası məhkəməyə “amicus curiae” (“məhkəmənin dostu”) qismində təqdim etdiyi sənəddə bu işdən çıxarılmaların işçilərin hüquqlarını pozduğunu və hüquq-mühafizə orqanlarının müstəqilliyinə təhlükə yaratdığını bildirib. Təşkilat vurğulayıb ki, agentlər vəzifə borclarını yerinə yetirmədiklərinə görə deyil, iddia edilən siyasi mövqelərinə görə cəzalandırılıblar. Əgər əməkdaşlar siyasi cəhətdən həssas araşdırmalarla bağlı qanuni tapşırıqları yerinə yetirdiklərinə görə işdən çıxarılmaqdan qorxarlarsa, büro effektiv fəaliyyət göstərə bilməyəcək.

Məhkəmə iddiası agentlər Mişel Bol, Ceymi Qarman və Bleyer Tolman tərəfindən qaldırılıb. Onlar xüsusi prokuror Cek Smitin 2020-ci il seçki nəticələrini ləğv etmə cəhdləri üzrə istintaqındakı fəaliyyətlərinə görə “qisas kampaniyası”nın qurbanı olduqlarını bildirirlər. Keçmiş əməkdaşlar qüsursuz xidmət nüfuzuna malik olduqlarını, lakin heç bir səbəb göstərilmədən və özlərini müdafiə etmək imkanı verilmədən qəfil vəzifələrindən kənarlaşdırıldıqlarını qeyd edirlər.

FTB direktoru Keş Patel və keçmiş baş prokuror Pam Bondi başda olmaqla qurumun rəhbərliyi işdən çıxarılan şəxslərin federal hüquq-mühafizə orqanlarının “siyasiləşdirilməsində” iştirak etdiklərini iddia edir. İddiaçılar isə bu ittihamları əsassız və böhtan adlandıraraq rədd edirlər. Ədliyyə Nazirliyinin keçmiş yüksəkəyarlı rəsmiləri də ayrıca sənəddə bu addımların hüquq-mühafizə sisteminin müstəqillik ənənəsini təhlükə altına aldığını bəyan ediblər.

Trampın 2024-cü il seçkilərindəki qələbəsindən sonra, Cek Smitin həm seçki nəticələrini dəyişdirmə cəhdləri, həm də Mar-a-Laqo malikanəsində məxfi sənədlərin saxlanması ilə bağlı apardığı istintaqlar Ədliyyə Nazirliyinin fəaliyyətdə olan prezidentin cinayət təqibinə məruz qala bilməyəcəyi mövqeyinə əsasən dayandırılıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş