Stiven Hokinq tarixə dünyanın ən görkəmli kosmoloqlarından biri və məşhur “Zamanın qısa tarixi” kitabının müəllifi kimi düşüb. Lakin “The Times” nəşrinin məlumatına görə, bu yaxınlarda aşkar edilən atasının gizli kodla yazılmış şəxsi gündəlikləri göstərir ki, məşhur alim dünya şöhrəti qazanmamışdan əvvəl valideynləri üçün ciddi narahatlıq mənbəyi olub.
Stiven Hokinqin atası Frank Hokinq oğlunun qətiyyətsizliyindən və davranışından ciddi narahat olduğunu gündəliyində qeyd edib. 1961-ci ilin yanvar ayında, Stiven Oksford Universitetində bakalavr təhsili aldığı dövrdə Frank Hokinq yazıb:
“Stivenin necə böyüdüyündən bir qədər narahatıq. O, evdə məqsədsiz şəkildə gəzir, heç bir təşəbbüs göstərmir və çox az çalışır.”
Fizikin valideynləri Frank və İzobel Hokinqə məxsus şəxsi sənədlər alimin bu ilin sentyabrında John Murray Publishing tərəfindən nəşr ediləcək ilk rəsmi tərcümeyi-halı üçün materiallar toplanarkən aşkar edilib.
2018-ci ilin martında, 76 yaşında vəfat edən Stiven Hokinq elm dünyasında akademik zəkanın və insan iradəsinin simvoluna çevrilmişdi. Ona 21 yaşında amiotrofik lateral skleroz (ALS) diaqnozu qoyulmuşdu və həkimlər cəmi iki il ömür proqnozlaşdırmışdılar. Zaman keçdikcə o, hərəkət və danışıq qabiliyyətini demək olar ki, tam itirsə də, kompüter əsaslı nitq sintezatoru vasitəsilə ünsiyyət qurmağa davam edib.
Qara dəliklər və cazibə qüvvəsi ilə bağlı araşdırmaları onu dünya səviyyəli elm simasına çevirib. “Zamanın qısa tarixi” kitabı isə 13 milyondan çox nüsxədə satılıb.
Gündəliklərdə Frank Hokinq oğlunun özünəinam problemləri yaşadığını da qeyd edib:
“İzobel deyir ki, onda mənə qarşı müəyyən aşağılıq kompleksi yaranıb və Oksford fizikasına inamını itirib, onu humanitar elmlərdən aşağı hesab edir. Əgər bu doğrudursa, çox təəssüfvericidir.”
Bu sənədlər Stiven Hokinqin bacısı Merinin evində saxlanılıb və sonradan yazıçı Qrem Farmeloya təqdim edilib. Məlumata görə, Frank Hokinq qeydlərini məxfi saxlamaq üçün yunan əlifbasına əsaslanan xüsusi kod sistemindən istifadə edib.
Yazıçı Qrem Farmelo həmin sistemi deşifrə edərək Stiven Hokinqin uşaqlığı, xəstəliyi, ailə həyatı və karyerası ilə bağlı 200 mindən çox sözü tərcümə etməyə nail olub.
Frank Hokinq gündəliklərində bu kodlaşdırmanı belə izah edib:
“Bu gündəlik maksimum məxfiliyi təmin etmək üçün yunan əlifbası əsasında yazılıb. Bu, əlyazmanın yad və ya həssas insanların əlinə keçəcəyi ehtimalına qarşı lazım idi.”
Gündəliklərdə Stiven Hokinqin xəstəliyi ilə bağlı atasının hisslərinə də yer verilib. 1967-ci ildə oğlu Robert dünyaya gəldikdən sonra Frank Hokinq oğlunun vəziyyətinin ağırlaşmasının ünsiyyəti çətinləşdirdiyini qeyd edib:
“Onunla vaxt keçirmək çox ağır və çətin bir sınağa çevrilib. Danışığı o qədər yavaş və anlaşılmazdır ki, söhbəti davam etdirmək olduqca çətindir. Ona görə çox kədərlənirəm və onun üçün əlimdən gələni etməyə çalışıram.”
İzmedia.az
![]()

