BMT-nin Baş katibi Antonio Quterreş Pekində keçirilən Yoxsulluğun Azaldılması və İnkişafı üzrə Qlobal Forumun iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, dünyada təxminən 800 milyon insan hələ də ifrat yoxsulluq şəraitində yaşayır.
Mesajın mətnində qeyd olunub: “800 milyon insan – qadınlar, uşaqlar və kişilər – ucqar kənd icmalarından şəhər gecəqondularına qədər müxtəlif bölgələrdə həddindən artıq yoxsulluq içində yaşayırlar”.
BMT Baş katibinin müraciətini təşkilatın Çindəki rezident əlaqələndiricisi Stiven Cekson səsləndirib.
Quterreş vurğulayıb ki, bu insanların vəziyyəti münaqişələr, iqlim dəyişikliyi, dərinləşən sosial bərabərsizlik və ağır borc yükü səbəbindən daha da ağırlaşır.
O, hökumətləri layiqli iş yerlərinin yaradılmasına, keyfiyyətli təhsilə, səhiyyə xidmətlərinə, davamlı kənd inkişafına və universal sosial müdafiə sistemlərinə investisiya yatırmağa çağırıb.
BMT Baş katibi həmçinin qlobal maliyyə sistemində islahatların aparılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrin inkişaf layihələrinə sərmayə yatırmaq üçün daha geniş maliyyə imkanlarına və beynəlxalq dəstəyə ehtiyacı var.
İzmedia.az
![]()

