CBS News-un məlumatlı mənbəyə istinadən yaydığı xəbərə görə, İranın ötən həftə Küveytdə yerləşən hava bazasına endirdiyi raket zərbəsi nəticəsində dörd amerikalı hərbçi və üç mülki şəxs yüngül xəsarət alıb.
Mənbənin sözlərinə görə, xəsarət alanlara tibbi yardım göstərilib və onlar artıq öz vəzifələrinin icrasına qayıdıblar.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına əsasən, İran ötən cümə axşamı Pentaqonun istifadə etdiyi Əli əl-Salim hava bazasının yerləşdiyi Küveyt istiqamətində ballistik raket buraxıb. Həmin raket Küveytin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) isə ABŞ-ın Bəndər-Abbas bölgəsində həyata keçirdiyi əməliyyatlara cavab olaraq ABŞ hava bazasına zərbə endirdiyini açıqlayıb.
CENTCOM-un məlumatında bildirilib ki, cümə axşamı gecəsi ABŞ hərbçiləri İranın dörd kamikadze pilotsuz uçuş aparatını vurub. Bundan əlavə, beşinci dronun buraxılışına hazırlıq görülən Bəndər-Abbasdakı yerüstü idarəetmə məntəqəsinə də zərbə endirilib.
Komandanlıq vurğulayıb ki, ABŞ ordusunun fəaliyyəti tamamilə müdafiə xarakteri daşıyıb, çünki həmin pilotsuz uçuş aparatları Oman körfəzində yerləşən ABŞ gəmiləri üçün təhlükə yaradırdı.
İzmedia.az
![]()

