Böyük Britaniyada 41 yaşlı, üç uşaq anası və feldşer kimi çalışan Culs Triqqin hekayəsi ölkədə geniş rezonans doğurub. Məlum olub ki, qadına 21 dəfə səhv diaqnoz qoyulub və nəticədə xərçəng xəstəliyi yalnız son mərhələdə aşkar edilib.
Qadın təxminən bir il yarım ərzində ürəkbulanma, güclü halsızlıq, qanaxma və çanaq nahiyəsində ağrılar şikayəti ilə dəfələrlə həkimlərə müraciət edib. Lakin hər dəfə ona böyrək infeksiyası diaqnozu qoyulub və lazımi müayinələr təyin edilməyib.
Nəhayət, 2025-ci ilin iyun ayında aparılan geniş müayinələr nəticəsində qadında limfa düyünlərinə yayılmış uşaqlıq boynu xərçənginin dördüncü mərhələsi aşkarlanıb.
Diaqnozdan sonra Culs Triqq kimyaterapiya, şüa terapiyası və braxiterapiya kursları keçib. 2026-cı ilin yanvarında həkimlər xəstəliyin demək olar ki, remissiyaya keçdiyini bildirsələr də, bir neçə ay sonra xərçəng yenidən qayıdıb. Bu dəfə xəstəlik ağciyərlərə və qarın boşluğunun selikli qişasına yayılıb.
Həkimlər artıq xəstəliyin tam müalicəsinin mümkün olmadığını, tətbiq olunan müalicənin yalnız ömrü uzatmağa yönəldiyini bildiriblər.
Buna baxmayaraq, qadın mübarizəsini davam etdirir və eksperimental müalicə proqramında iştirak edir. Onun ailəsi isə həkimlərin səhlənkarlığı ilə bağlı araşdırma aparılmasını tələb edir.
izmedia.az
![]()
