Çin hökuməti 14-cü Ümumxalq Xalq Nümayəndələri Konqresinin (ÜXNK) 4-cü sessiyasına təqdim etdiyi iş hesabatında 2026-2030-cu illər üçün əsas inkişaf hədəflərini açıqlayıb.
İzmedia.az bildirir ki, rəsmi Sinxua xəbər agentliyinin məlumatına görə, sənəd ölkənin iqtisadi, sosial və ekoloji sahələrdə strateji planlarını müəyyən edir.
Hesabata əsasən, Çin növbəti beş il ərzində ÜDM artımını məqbul səviyyədə saxlamağı və illik göstəriciləri konkret dövrün şərtlərinə uyğun müəyyən etməyi planlaşdırır. Məqsəd adambaşına düşən ÜDM-i 2035-ci ilə qədər 2020-ci il səviyyəsi ilə müqayisədə ikiqat artırmaq və orta inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaqdır.
İnnovativ və “yaşıl” inkişafı təmin etmək üçün tədqiqat və inkişaf xərclərinin illik artım tempi 7%-dən çox olacaq. Eyni zamanda, 2026-2030-cu illər arasında ÜDM-in karbon intensivliyinin ümumilikdə 17% azalması planlaşdırılır.
Hesabatda həmçinin rəqəmsal iqtisadiyyatın əsas sektorlarında əlavə dəyərin ÜDM-də payının 12,5%-ə çatdırılması və əhalinin orta ömür müddətinin 80 ilə yüksəldilməsi nəzərdə tutulur.
Çin 15-ci Beşillik Planın məqsəd və vəzifələrini həyata keçirmək üçün altı əsas istiqamətdə ümumilikdə 109 böyük layihə irəli sürüb. Bunlara yeni keyfiyyətli məhsuldar qüvvələrin inkişafı, xalqın rifahının təmin edilməsi və yaxşılaşdırılması da daxildir.
İzmedia.az
![]()

