Pentaqon maliyyə çatışmazlığı ilə üzləşib

1 Min Read

Fox News telekanalının Pentaqon nümayəndəsinə istinadən yaydığı məlumata görə, ABŞ ordusu müdafiə büdcəsində nəzərdə tutulmayan hərbi əməliyyatların xərcləri və yanacaq qiymətlərinin artması səbəbindən ciddi maliyyə çatışmazlığı ilə üzləşib.

Məlumata əsasən, İrana qarşı hərbi kampaniyalar, Cənubi Amerikada aparılan əməliyyatlar, ABŞ-ın cənub sərhədində həyata keçirilən tədbirlər, Milli Qvardiyanın cəlb olunması, eləcə də yanacaq qiymətlərinin kəskin bahalaşması Pentaqonun resurslarına əlavə yük yaradıb. Bu vəziyyət ordu rəhbərliyini cari xərclərlə bağlı çətin qərarlar qəbul etməyə məcbur edib.

ABŞ Ordusunun sözçüsü, polkovnik Marti Meyners telekanala açıqlamasında bildirib ki, komandanlıqlara resursların ən vacib ehtiyaclara uyğun şəkildə optimallaşdırılması və prioritetləşdirilməsi ilə bağlı çətin, lakin əsaslandırılmış qərarlar qəbul etmək tapşırılıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi admiral Deril Kodl isə may ayında Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə çıxışı zamanı qeyd edib ki, əlavə maliyyələşdirmə ayrılmayacağı təqdirdə, Hərbi Dəniz Qüvvələrinin cari əməliyyat xərclərinin azaldılması ilə bağlı qərarların iyul ayından əvvəl qəbul edilməsi zərurəti yarana bilər.

Eyni zamanda, rəsmilər Fox News-a bildiriblər ki, yanacaq qiymətlərinin artması ordunun döyüş hazırlığına, həmçinin şəxsi heyətin, yüklərin və hərbi texnikanın daşınması xərclərinə ciddi təsir göstərir.

Rəsmi məlumatlara görə, Pentaqon hər il təxminən 80 milyon barel yanacaq alır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş