“The Guardian”: İlon Maskın mümkün trilyoner statusu demokratiya ilə bağlı narahatlıqları artırır

2 Min Read

“The Guardian” qəzetində dərc olunan məqalədə dünyanın ən varlı şəxsi olan İlon Maskın mümkün trilyoner statusunun təkcə iqtisadi deyil, həm də siyasi və ictimai nəticələri müzakirə edilir.

Məqalədə xatırladılır ki, Mask fevral ayında X sosial şəbəkəsində belə yazmışdı: “Pulun xoşbəxtliyi ala bilməyəcəyini deyən hər kəs nədən danışdığını dəqiq bilirdi”. O, paylaşımını kədərli təbəssüm emojisi ilə müşayiət etmişdi.

Nəşr qeyd edir ki, 2024-cü ildə aparılan araşdırma yüksək gəlirli şəxslərlə aşağı gəlirli insanlar arasında xoşbəxtlik səviyyəsində əhəmiyyətli fərq olduğunu ortaya qoyub. Tədqiqat müəlliflərinin fikrincə, pul və xoşbəxtlik arasındakı əlaqənin təxminən 75 faizi insanların öz həyatları üzərində daha çox nəzarət hiss etməsi ilə bağlıdır.

Məqalədə bildirilir ki, buna baxmayaraq, dünyanın ən varlı insanı olan Maskın ictimai çıxışları və sosial şəbəkələrdəki paylaşımları onun tam məmnun həyat sürdüyü təəssüratını yaratmır.

Nəşrdə qeyd olunur ki, əsas məsələ Maskın daha da zənginləşməsinin onun şəxsi həyatına necə təsir göstərəcəyi deyil, bunun demokratiya və ictimai institutlar üçün hansı nəticələr doğura biləcəyidir.

Müəllif vurğulayır ki, əgər Maskın sərvəti bir trilyon dollara çatsa, bu, ona indiki imkanlarından da daha böyük iqtisadi və siyasi təsir gücü verə bilər.

Məqalədə trilyon dolların miqyasını göstərmək üçün müxtəlif müqayisələr aparılır. Qeyd olunur ki, hər gün 1 milyon dollar xərcləyən şəxs 1 trilyon dolları xərcləmək üçün 2700 ildən çox vaxta ehtiyac duyar.

Bundan əlavə, hesablamalara görə, 1 milyon dollar trilyon dollarlıq sərvətin cəmi 0,0001 faizini təşkil edir. Müəllif bunu orta statistik amerikalının sərvəti ilə müqayisə edərək bildirir ki, trilyoner üçün 1 milyon dolların dəyəri adi vətəndaş üçün təxminən 19 sentə bərabərdir.

Məqalədə həmçinin qeyd edilir ki, Maskın sərvətinin böyük hissəsi nağd vəsait deyil və onun dəyəri bazardakı dəyişikliklərdən asılı olaraq dəyişə bilər. Bununla belə, müəllif hesab edir ki, istənilən halda bu qədər böyük sərvətin bir şəxsin əlində cəmlənməsi ciddi müzakirə mövzusudur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş