Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, rusiyalı iş adamı Roman Abramoviç Kiyevə səfər edərək münaqişənin həlli üçün mümkün variantları müzakirə etmək məqsədilə onunla görüşüb.
“Sky News”un jurnalisti Yalda Hakimə müsahibəsində Zelenski deyib ki, görüş zamanı Abramoviç Ukrayna tərəfinin sülh danışıqları, o cümlədən Donbas məsələsi ilə bağlı mövqeyi ilə maraqlanıb. Ukrayna liderinin sözlərinə görə, iş adamı Kiyevə səfərindən sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırıb.
Roman Abramoviçin səfəri barədə daha əvvəl “Financial Times” qəzeti məlumat yayıb. Lakin iş adamının nümayəndələri bu məlumatla bağlı hər hansı açıqlama verməyiblər.
Dünən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov tanınmış rusiyalı iş adamının Kiyevdə olduğunu təsdiqləyib. Vladimir Putin də sonradan bu məsələyə münasibət bildirib. O, Sankt-Peterburqda keçirilən iqtisadi forumda qeyd edib ki, işgüzar dairələrdən olan köhnə tanışlarından biri dəvət aldıqdan sonra öz təşəbbüsü ilə Kiyevə səfər edib.
Rusiya prezidentinin sözlərinə görə, Zelenski ilə görüşdən sonra iş adamı Ukrayna liderinin şəxsi söhbət etmək istəyini ona çatdırıb. Putin bildirib ki, Zelenski ilə danışıqları istisna etmir. Lakin o, belə bir görüşün yalnız münaqişənin sülh yolu ilə həlli istiqamətində konkret razılaşmalar əldə olunduqdan sonra mümkün ola biləcəyini vurğulayıb.
İzmedia.az
![]()

