“The Daily Telegraph” qəzetinin hərbi mənbələrə istinadən yaydığı məlumata görə, Böyük Britaniya hökuməti maliyyə çatışmazlığı səbəbindən B61-12 taktiki termonüvə bombalarını daşımaq imkanına malik F-35A qırıcılarının alınmasından imtina edə və ya bu prosesi təxirə sala bilər.
Mənbələrdən birinin nəşrə verdiyi məlumata görə, məsələ ilə bağlı hökumət üzvləri və yüksək rütbəli hərbçilər həftəsonu intensiv müzakirələr aparıblar.
“Nazirlər və yüksək rütbəli zabitlər bütün həftəsonu bu məsələ üzərində işləyiblər. Hamı vəziyyətin mürəkkəbliyini anlayır. Hərbi rəhbərlik qırıcıların alınmasına nail olmaq üçün əlindən gələni edir və müxtəlif variantlar təklif edir. Bu, artıq hərbi deyil, siyasi məsələdir”, – deyə mənbə bildirib.
Qəzet yazır ki, hökumət təyyarələrin alınmasından tamamilə imtina etmək əvəzinə, bu layihəni müəyyən müddətə təxirə salmağı da nəzərdən keçirir. Yekun qərarın yaxın günlərdə dərc olunacağı gözlənilən müdafiə investisiyaları planından əvvəl qəbul ediləcəyi bildirilir.
Məlumata görə, Böyük Britaniyanın müdafiə naziri Con Hili bu məsələ ilə bağlı maliyyə naziri Reyçel Rivzlə fəal danışıqlar aparır. Hökumətin bahalı hərbi layihələri maliyyələşdirmək üçün Nəqliyyat və Energetika nazirlikləri də daxil olmaqla bəzi dövlət qurumlarının büdcələrini azaltmağı nəzərdən keçirdiyi qeyd olunur.
Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer 2025-ci ilin iyununda Londonun ABŞ-dan B61-12 taktiki termonüvə bombalarını daşıya bilən 12 ədəd F-35A qırıcı təyyarəsi alacağını açıqlamışdı.
Hazırda Böyük Britaniyanın nüvə arsenalı ABŞ istehsalı olan Trident II (D5) ballistik raketləri ilə təchiz edilmiş dörd “Vanguard” sinifli sualtı qayıq üzərində yerləşdirilib.
İzmedia.az
![]()

