Latviya Silahlı Qüvvələri bu gün Rusiya və Belarusla həmsərhəd bölgələrdə hava təhlükəsi xəbərdarlığı elan edərək sakinlərə evlərində qalmaları barədə çağırış edib.
Hərbi qurumun yaydığı məlumatda əhaliyə ehtiyatlı olmaq və rəsmi qurumların göstərişlərinə əməl etmək tövsiyə olunub.
Hərbi sözçü Reuters agentliyinə bildirib ki, Rusiyadan Latviya hava məkanına daxil olan ən azı bir pilotsuz uçuş aparatının aşkarlanması təsdiqlənib. Onun sözlərinə görə, NATO-ya məxsus hərbi təyyarələr pilotsuz uçuş aparatını Latviya hava məkanında zərərsizləşdirib.
Son həftələr Finlandiya, Estoniya, Latviya və Litvanın hava məkanına müxtəlif hərbi pilotsuz uçuş aparatlarının daxil olması Ukraynadakı müharibənin NATO ilə Rusiyanın şimal sərhədlərinə yaxın ərazilərə təsiri ilə bağlı narahatlıqları artırıb.
Məlumata görə, Ukraynanın Baltik dənizində yerləşən Rusiya neft terminallarına və limanlarına uzunmənzilli hücumlarının intensivləşməsi fonunda bəzi pilotsuz uçuş aparatları marşrutdan yayınaraq qonşu ölkələrin hava məkanına daxil olur və təhlükəsizlik xəbərdarlıqlarına səbəb olur.
İzmedia.az
![]()

