Çikaqonun keçmiş meri Rahm Emanuel üçün şəhərin məşhur Soldier Field stadionunun üzərinin günbəzlə örtülməsi tələbi son hədd olub. 2011–2019-cu illərdə şəhərə rəhbərlik edən Emanuel onu ABŞ-dakı bir çox həmkarlarından fərqləndirən qərar qəbul edərək FIFA və Dünya Kubokuna “yox” deyib.
“The Athletic” nəşrinin yazdığına görə, Çikaqo ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il Dünya Kuboku üçün əsas namizədlərdən biri hesab olunurdu. Lakin şəhər 2018-ci ilin martında, ev sahibi şəhərlərin rəsmi elanından cəmi üç ay əvvəl namizədlikdən gözlənilmədən geri çəkilib.
Əslində, Çikaqonun turnirə ev sahibliyi etmək üçün bütün üstünlükləri var idi. ABŞ-ın əhalisinə görə üçüncü ən böyük şəhəri olan Çikaqo inkişaf etmiş nəqliyyat infrastrukturu və əlverişli coğrafi mövqeyi ilə seçilir. Şəhərin əfsanəvi stadionu olan Soldier Field 1994-cü il Dünya Kubokunun altı oyununa ev sahibliyi etmişdi. Bundan əlavə, şəhər ABŞ-ın bütün əsas peşəkar idman liqalarında təmsil olunur.
Lakin Rahm Emanuel FIFA ilə bağlı müqavilə şərtlərini ətraflı araşdırdıqdan sonra layihədən imtina etmək qərarına gəlib. Məlum olub ki, bilet satışı, televiziya hüquqları, sponsorluq müqavilələri və parklanma xidmətlərindən əldə olunan əsas gəlirlər FIFA-ya çatır. Dünya futbol qurumunun təkcə 2026-cı il Dünya Kubokundan 11 milyard dollardan çox gəlir əldə etməyi planlaşdırdığı bildirilir.
Bunun əvəzində isə ev sahibi şəhərlər ictimai nəqliyyat, təhlükəsizlik, sığorta, polis, yanğınsöndürmə və hətta FIFA nümayəndələri üçün VIP müşayiət xidmətlərinin xərclərini öz üzərinə götürməlidir.
FIFA bu xərclərin iqtisadi faydalarla kompensasiya olunacağını bildirir. Təşkilatın prezidenti Canni İnfantino turnirin ABŞ iqtisadiyyatına təxminən 30 milyard dollar töhfə verəcəyini dəfələrlə vurğulayıb.
Bununla belə, Dünya Kubokunun başlamasına az vaxt qaldıqca bəzi ev sahibi şəhərlərdə narahatlıqlar artır. Məlumatlara görə, bilet və otel rezervasiyalarının gözlənilən səviyyəyə çatmaması səbəbindən bir sıra şəhərlər yatırdıqları vəsaitin geri dönüşünü əldə edə bilməyəcəklərindən ehtiyat edirlər.
İzmedia.az
![]()

